Ərdoğan Boltonu qəbul etmədi: “O, böyük səhv edir”

Ərdoğan Boltonu qəbul etmədi:    “O, böyük səhv edir”
  08 Yanvar 2019    Oxunub:3515
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonla görüşdən imtina edib.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib. Onun sözlərinə görə, Ərdoğanın Boltonla görüşdən imtinasının səbəbi Trampın köməkçisinin kürdlərlə bağlı Ankara qarşısında qoyduğu tələb olub.
Həmin tələbə Ərdoğan özü bu gün parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının iclasında çıxış edərkən cavab verib.

“Bolton böyük səhv edir və onun bəyanatını udmağımız mümkün deyil. Heç bir zaman PKK terror təşkilatı, PYD, YPG terror qruplaşmaları mənim kürd vətəndaşlarımın, qardaşlarımın təmsilçisi ola bilməz. Yəni əgər Amerika bunları “kürd qardaşlarımız” olaraq dəyərləndirirsə, çox ciddi bir yanlışlıq içərisindədir. Türkiyənin Suriyada kürdləri öldürdüyü barədə yalan məlumat yayanlar beynəlxalq ictimaiyyətin əhavalı ilə oynamağa çalışırlar. Bizim üçün YPG, PKK, PYD ilə İŞİD arasında heç bir fərq yoxdur. Terrorçulardan başqa indiyədək hansı kürd öldürülüb? Hazırda Suriyanın Kobani bölgəsindən olan 200 min kürd Türkiyəyə sığınıb. Suriyada Türkiyənin kürdləri hədəf aldığı ən alçaq və ən çirkin iftiradır”, - deyə Ərdoğan bəyan edib.

Türkiyə prezidenti onu da əlavə edib ki, Boltonun səfəri başa çatdıqdan sonra Ankara Suriyanın şimalındakı YPG/PKK terrorçularına qarşı hərbi əməliyyatları istənilən vaxt başlada bilər: “Bununla bağlı Trampla istənilən vaxt danışıqlar apara bilərəm.”

Qeyd edək ki, Ankaraya səfər etməzdən əvvəl Bolton bəyan etmişdi ki, Türkiyə hakimiyyətindən kürdlərə hücum etməyəcəklərinə dair zəmanət almayanadək ABŞ qoşunları Suriyanı tərk etməyəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Türkiyə   ABŞ  





Xəbər lenti