Rusiya Əfqanıstana qoşun yeritməyəcək

Rusiya Əfqanıstana qoşun yeritməyəcək
  09 Yanvar 2019    Oxunub:2072
“Rusiya Federasiyası Əfqanıstana qoşun yeridilməsinin mümkünlüyünü tamamilə istisna edir.”

Azvision.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Düşünürəm ki, bu, tamamilə istisnadır. Biz belə bir addımı (Əfqanıstana qoşun göndərmək) nəzərdən keçirmək üçün heç bir əsas görmürük. Təhlükəsizlik sahəsində Əfqanıstan hökumətilə çoxdan əməkdaşlıq edirik və əməkdaşlıq getdikcə güclənir, yeni forma alır və əvvəllər belə əməkdaşlığın çərçivəsinə daxil olmayan sferaları əhatə edir. Bizim Əfqanıstanda hərbi iştirakımız seçim deyil. Mən belə bir variantı tamamilə istisna edirəm” – Ryabkov vurğulayıb.

Qeyd edək ki, hazırda Əfqanıstanda hökumət qüvvələrilə “Taliban” silahlı hərəkatı arasında döyüş gedir. “Taliban” hərəkatı Şeyx Məhəmməd Ömərın başçılığı ilə 1994-cü ildə Qəndəhar şəhərindəki mədrəsədə formalaşdırılıb. 1996-2001-cü illərdə Əfqanıstanda hakimiyyəti ələ keçirib və ölkənin adını “Əfqanıstan İslam Əmirliyi”nə dəyişib. O zaman “Taliban”ın Əfqanıstandakı hakimiyyətini yalnız 3 ölkə - Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Pakistan tanıyıb. 2004-cü ildən isə Pakistanın şimalındakı Vəziristan əyalətini idarə ediblər.

Daha sonra silahlı qruplaşmaya çevrilən “Taliban” hərəkatı Əfqanıstanın islam bayrağı altında birləşməsini, ölkənin şəriət qaydalarilə idarə olunmasını tələb edir. Digər dinlərə qarşı amansız mövqe sərgiləyir. 2003-cü ildən “Taliban” hərəkatı BMT Təhlükəszilik Şurası tərəfindən terror təşkilatı kimi tanınır.

Hazırda “Taliban” silahlı hərəkatı və “Əl-Qaidə” terror təşkilatı ilə mübarizə aparmaq məqsədilə Əfqanıstanda ABŞ-ın başçılığı altında NATO-nun qeyri-hərbi “Qətiyyətli dəstək” misiyası fəaliyyət göstərir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Taliban   Rusiya   ABŞ   Əfqanıstan  





Xəbər lenti