Rusiya ilə Ukrayna arasında danışıqlar bərpa edilir

 Rusiya ilə Ukrayna arasında danışıqlar bərpa edilir
  09 Yanvar 2019    Oxunub:1639
Moskava ilə Kiyev 21 yanvarda nazirlər səviyyəsində Rusiya-Ukrayna-Avrokomissiya formatında təbii qaz üzrə üçtərəfli danışıqlar aparacaq.
Azvision.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç bildirib.

“Şadam ki, Avropaya uzunmüddətli qazın nəqli məsələsi üzrə Rusiya ilə Ukrayna arasında üçtərəfli siyasi danışıqların ikinci mərhələsi 21 yanvarda Brüsseldə baş tutacaq” – Şefçoviç tvitter səhifəsində yazıb.

Qeyd edək ki, Ukrayna 2015-ci ildən Rusiya qazını almaqdan imtina edib və əvəzində Avropadan daha ucuz qiymətə qaz alacağını açıqlayıb. Kiyev həmçinin, təbii qazın Ukrayna ərazisi üzərindən Avropaya nəqli məsələsində Rusiyanın “Qazprom” şirkətini müqavilə öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb və Stokholm arbitraj məhkəməsinə şikayət edib. Ötən il fevralın 28-də Stokholm arbitraj məhkəməsinin çıxardığı qərara əsasən, Rusiya tərəfi 2009-2017-ci illərdə Ukrayna vasitəsilə müqavilədə nəzərdə tutulduğundan daha az həcmdə qaz tranzit etdiyi üçün 4,6 milyard dollar cərimə ödəməlidir. Lakin “Naftoqaz”ın “Qazprom”a 2 milyard dollar borcu nəzərə alınaraq, onun ödəməli olduğu məbləğ 2,6 milyard dollara endirilib. Həmçinin, arbitraj məhkəməsinin qərarına görə, “Qazprom” tranzit müqaviləsinin sonuna qədər - 2019-cu ilin sonunadək Ukrayna vasitəsilə ildə 110 milyard kubmetr qaz nəql etməli, yaxud bunun əvəzini pulla ödəməlidir.

“Qazprom”un sədri Aleksey Miller Stokholm arbitraj məhkəməsinin qərarını pisləyərək, bunu Ukraynanın iqtisadi problemlərinin Rusiyanın hesabına həll olunması kimi qiymətləndirib və “Naftoqaz”ın davranışına cavab olaraq, birtərəfli qaydada Ukrayna şirkəti ilə imzalanmış müqavilələrdən çıxdığını və bundan sonra Ukrayna ərazisindən Avropaya qaz nəql etməyəcəklərini bəyan edib. Bu məqsədlə “Qazprom” hətta Stokholm arbitraj məhkəməsinə iddia ərizəsi təqdim edib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ukrayna   Avropa   Rusiya  





Xəbər lenti