İki azərbaycanlının öldüyü gəmi qəzasının səbəbləri - FOTO

İki azərbaycanlının öldüyü gəmi qəzasının səbəbləri -  FOTO
  10 Yanvar 2019    Oxunub:8554
Xəbər verdiyimiz kimi, yanvarın 7-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volqabalt 214” gəmisi qəzaya uğrayıb. Gəmidə olan 13 nəfərdən 7-si xilas olunub, 6 ekipaj üzvü həlak olub.

Gəminin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu həlak olub, onun meyiti sudan çıxarılıb. Digər Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun isə axtarışları hələ də davam etdirilir.
Azvision.az xəbər verir ki, gəminin qəzaya düşməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Türkiyə mətbuatında yer alan məlumata əsasən, 41 il istifadədə olan “Volgabalt 214” gəmisinə normadan 784 ton çox artıq kömür yüklənibmiş. Bu səbəbdən qəzanın baş verdiyi ehtimal edilir.

Türkiyənin prokurorluq orqanlarında faktla əlaqədar araşdırma başlanıb. Bu iddiaların doğru olub-olmadığı araşdırma bitəndən sonra məlum olacaq.



Məlumatda bildirilib ki, Rusiyanın Azov dəniz limanından 3 min 300 ton kömürü Samsuna gətirmək üçün 13 ekipaj üzvü ilə hərəkət edən gəmi qurudan 130 km uzaqlıqda 5 m-lik dalğaların təsiri nəticəsində iki hissəyə ayrılıb və batıb.

113, 87 metr uzunluğunda, 13, 23 metr enində olan, 1978-ci ildə inşa edilən gəminin ümumi yük tutumu 2156 tondur. Lakin normadan artıq yükün daşınması belə bir faciəyə səbəb olub. Hansı ki, gəmi səfərə çıxmamışdan əvvəl Azov dəniz limanı havanın əlverişli olması barədə bildiriş verib.



Aytən Zəhra
Azvision.az



Teqlər: Gəmi   Qəza  





Xəbər lenti