Boltonun səfərindən sonra Vaşinqton-Ankara gərginliyi artıb

 Boltonun səfərindən sonra Vaşinqton-Ankara gərginliyi artıb
  10 Yanvar 2019    Oxunub:1730
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun amerikalı hərbçilərin Suriyadan çıxarılmasını müzakirə etmək üçün Ankaraya səfərindən sonra ABŞ-Türkiyə münasibətlərində yeni gərginlik yaranıb.
Azvision.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Bolton ABŞ qoşunlarının çıxarıldığı təqdirdə Vaşinqtonun Suriyadakı müttəfiqlərinə hücum edilməyəcəyinə dair Ankaradan zəmanət almaq istəyib. Lakin zəmanət əvəzinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Boltonu ciddi səhvə yol verməkdə günahlandırıb və onunla görüşdən imtina edib.

Ankara Suriyadakı kürd birləşmələrini PKK terror təşkilatının qolu hesab edir və tezliklə Fəratdan şərqə doğru yeni hərbi əməliyyatlara hazırlaşır. ABŞ prezidenti Donald Tramp isə qoşunların Suriyadan çıxarılmasına dair göstəriş versə də, kürdləri mümkün təhlükələrlə təkbaşına üzləşməyə qoymayacaqlarını deyir. Bu mənada, mənbələr ABŞ qoşunlarının Suriyadan çıxarılmasının Ankara-Vaşinqton münasibətlərini yaxşılaşdırmaq əvəzinə, gərginliyi daha da artıracağını bildirirlər.

Aydındır ki, ABŞ Suriyanın gələcək siyasi taleyilə bağlı istənilən qərarın qəbulunda həlledici kart olan kürdlərdən belə asanlıqla əl çəkməyəcək. Odur ki, ikitərəfli münasibətlərin inkişaf trayektoriyası amerikalı hərbçilərin bölgədən çıxma yolları və şərtlərinin Türkiyəni qane edib-etməyəcəyindən asılı olacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Türkiyə   ABŞ  





Xəbər lenti