ABŞ Suriyaya desant gəmisi göndərdi

ABŞ Suriyaya desant gəmisi göndərdi
  12 Yanvar 2019    Oxunub:1640
ABŞ hərbi dəniz qüvvələri Suriyadakı qoşunların təhlükəsiz şəraitdə çıxarılmasını təmin etmək üçün Suriyanın Aralıq dənizi sahillərinə dəniz piyadaları, helikopterlər və digər hərbi aviatexnikadan ibarət “Kearsarge” desant gəmisini göndərib.
Azvision.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti Pentaqondakı mənbəsinə istinadən məlumat yayıb. Bildirilib ki, göyərtəsində yüzlərlə dəniz piyadasının olduğu hərbi gəmi Amerika əsgərlərinin Suriyanı tərk etməsinə kömək edəcək.

Mənbə onu da vurğulayıb ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun “Türkiyə kürdlərlə bağlı zəmanət verməsə, Suriyadan çıxmayacağıq” bəyanatına rəğmən, prezident Donald Trampın qoşunların çıxarılmasına dair təlimatı qüvvədə qalır.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın İraq və Suriyadakı “Qətiyyətli dəstək” missiyasının rəsmisi, ABŞ quru qoşunlarının polkovniki Şon Rayan bəyan etmişdi ki, Amerikanın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyadan çıxarılması prosesinə başlanıb. Lakin ABŞ hərbçilərinin təhlükəsizliyi baxımından qoşunların yerləşdiyi ərazi və marşrutu barədə məlumatın gizli saxlanıldığını bildirib.

Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Suriyadakı qoşunlarının bir hissəsini İranın qarşısını almaq üçün Suriyanın cənubundakı Ət-Tanfa hərbi bazasında saxlayacaq.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Suriya   İran   ABŞ  





Xəbər lenti