ABŞ tarixində “şatdaun” rekordu

 ABŞ tarixində “şatdaun” rekordu
  12 Yanvar 2019    Oxunub:3002
ABŞ-da 2019-cu ilin büdcə qanun layihəsinin hələ də qəbul edilməməsi səbəbindən federal hökumətin bir sıra orqanlarının işinin qismən dayandırılması ölkə tarixindəki ən uzunmüddətli “şatdaun” prosesinə çevrilib.
Azvision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının üzləşdiyi bu dəfəki “şatdaun” prosesi artıq 22-ci gününə keçib. Bununla da, Bill Klintonun prezidentliyi dövründə 1995-ci ilin 16 dekabrından 1996-cı ilin 5 yanvarınadək davam edən 21 günlük “şatdaun” rekordu yenilənib.

Qeyd edək ki, 22 dekabrdan etibarən ABŞ hökumətinin bəzi nazirlikləri - Dövlət Departamenti, Daxili Təhlükəsizlik Nazirliyi, Ədliyyə, Nəqliyyat, Kənd-Təsərrüfatı və digər nazirliklər büdcə çatışmazlığından öz işini dayandırıb. “Şatdaun” adlandırılan bu prosesin səbəbi Trampın Meksika ilə sərhəddə divarın tikintisi üçün 5 milyard dollar vəsait ayrılmasını tələb etməsidir. Belə ki, Trampın tələbi Konqressdə respublikaçılarla demokratlar arasında büdcə danışıqlarının iflasa uğraması və 2019-cu maliyyə ili üçün ABŞ dövlət büdcəsinin hələ də qəbul edilməməsi ilə nəticələnib. Demokratlar sərhəd təhlükəsizliyinin təmini üçün əlavə olaraq yalnız 1,3 milyard dollar ayıra biləcəklərini deyiblər.

Tramp isə bildirib ki, əgər demokratlar kompromisə gəlməsələr, ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edəcək. Onun sözlərinə görə, bu cür rejimdə ABŞ-ın Meksika ilə sərhədindəki “divar çox sürətlə tikiləcək”.

ABŞ qanunvericiliyi büdcə təsdiq olunmadan federal hökumətə işləməyi qadağan edir. İndiki “şatdaun”un davam etməsi nəticəsində federal hökumətin 380 min işçi pulsuz məzuniyyətə göndərilib. Hazırda işləyən digər 420 min nəfər isə yalnız büdcə ilə bağlı mübahisə öz həllini tapandan sonra maaşlarını ala biləcəklər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Meksika   Konqress   ABŞ  





Xəbər lenti