Hərbi mütəxəssislər Türkiyəni tərk edirlər

  14 Yanvar 2019    Oxunub : 1069
 Hərbi mütəxəssislər Türkiyəni tərk edirlər
Türkiyənin hərbi müdafiə sənayesində çalışan yüzlərlə mütəxəssis ölkəni tərk edərək Qərb dövlətlərinə üz tutub.

Azvision.az xəbər verir ki, bu barədə dünyanın bir çox hökumətləri, hərbi strukturları ilə əməkdaşlıq edən və müdafiə texnologiyası, biznes, siyasət üzrə xəbərlər və analitik təhlillər hazırlayan “Defense News” qlobal jurnalı yazıb.
Qeyd olunub ki, son aylarda əsasən baş mühəndislərdən ibarət 270 nəfər hərbi sənaye mütəxəssisi ölkə hüdudlarından kənarda yeni iş yerləri taparaq Türkiyədən qaçıb. Onların 41%-i 26-30 yaş arası mütəxəssislərdir. 54%-i isə bu sahədə elmi dərəcəyə malik yüksək səviyyəli peşəkarlardır. Müdafiə sənayesi mütəxəssisləri başqa ölkələrə getmələrinin səbəbini Türkiyədə karyerada irəliləmələrinə yaradılan süni əngəllərlə izah ediblər.

Birbaşa olaraq Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana tabe olan Türkiyə Satınalmaları İdarəsinin keçirdiyi sorğunun nəticələrinə görə, miqrasiya edən hərbi sənaye mütəxəssislərinin getdiyi ölkələr siyahısına Niderland, ABŞ və Almaniya üstünlük təşkil edir.

Bildirilib ki, bu prosesin nəticəsində mütəxəssis qıtlığından əziyyət çəkən hərbi sənaye müəssisələrinə hətta Türkiyənin ən iri dövlət müdafiə şirkəti olan “Aselsan”, “Havelsan”, raket istehsalı ilə məşğul olan “Roketsan”, Türkiyənin aerokosmik sənayesi və digərləri daxildir.

Həmçinin vurğulanıb ki, hərbi sahədə çalışan mütəxəssislərin miqrasiyası Türkiyənin bir sıra nüfuzlu milli müdafiə proqramlarının həyata keçirilməsinə ciddi təsir göstərərək, onların yarımçıq dayandırılmasına səbəb ola bilər.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: