Tramp yenə demokratları ittiham etdi

  14 Yanvar 2019    Oxunub : 871
 Tramp yenə demokratları ittiham etdi
ABŞ prezidenti Donald Tramp artıq 24 gündür davam edən “şatdaun” prosesinə hələ də son qoyulmamasına görə növbəti dəfə demokratları günahlandırıb.
Azvision.az “The Hill”ə istinadən xəbər verir ki, bu barədə Tramp tvitterdəki səhifəsində yazıb. Bildirib ki, ABŞ Konqressinin Nümayəndələr Palatasının demokrat spikeri Nensi Pelosi və Senatda demokratların lideri Çak Şumer “şatdaun” prosesinə cəmi 15 dəqiqə ərzində son qoya bilərlər, lakin bunu etmək istəmirlər.

“Bütün həftəsonu gözləmişəm! Demokratlar işə keçməlidir. Sərhədlərimizin təhlükəsizliyi təmin edilməlidir! Nensi və ağlağan Çak 15 dəqiqəyə “şatdaun”a son qoya bilərlər. Hazırda günah onların və demokratların üzərinə düşür” – Tramp yazıb.

Qeyd edək ki, 22 dekabrdan etibarən ABŞ hökumətinin bəzi nazirlikləri - Dövlət Departamenti, Daxili Təhlükəsizlik Nazirliyi, Ədliyyə, Nəqliyyat, Kənd-Təsərrüfatı və digər nazirliklər büdcə çatışmazlığından öz işini dayandırıb. “Şatdaun” adlandırılan bu prosesin səbəbi Trampın Meksika ilə sərhəddə divarın tikintisi üçün 5 milyard dollar vəsait ayrılmasını tələb etməsidir. Belə ki, Trampın tələbi Konqressdə respublikaçılarla demokratlar arasında büdcə danışıqlarının iflasa uğraması və 2019-cu maliyyə ili üçün ABŞ dövlət büdcəsinin hələ də qəbul edilməməsi ilə nəticələnib. Demokratlar sərhəd təhlükəsizliyinin təmini üçün əlavə olaraq yalnız 1,3 milyard dollar ayıra biləcəklərini deyiblər.

Tramp isə bildirib ki, əgər demokratlar kompromisə gəlməsələr, ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edəcək. Onun sözlərinə görə, bu cür rejimdə ABŞ-ın Meksika ilə sərhədindəki “divar çox sürətlə tikiləcək”.

ABŞ qanunvericiliyi büdcə təsdiq olunmadan federal hökumətə işləməyi qadağan edir. İndiki “şatdaun”un davam etməsi nəticəsində federal hökumətin 380 min işçi pulsuz məzuniyyətə göndərilib. Hazırda işləyən digər 420 min nəfər isə yalnız büdcə ilə bağlı mübahisə öz həllini tapandan sonra maaşlarını ala biləcəklər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Meksika   Konqress   ABŞ