Ötən il 63 erməni hərbçisi ölüb - Statistika

   Ötən il 63 erməni hərbçisi ölüb -    Statistika
  15 Yanvar 2019    Oxunub:4283
2018-ci ildə Ermənistan silahlı qüvvələrində və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş Ermənistan ordusunun hərbi hissələrində 63 hərbi ölüb. Onlardan 27-si əsgər, 23-ü müqavilə əsasında xidmət keçən hərbçi, 2-si gizir və 11 isə zabitdir.
Azvision.az xəbər verir ki, bu statistikanı Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti yayıb. Qeyd olunur ki, 63 hərbçidən 38-i xidməti vəzifəsini yerinə yetirərkən, 25-i isə xidmətdənkənar naməlum şəraitdə ölüb.

Ermənistan Baş Prokurorluğunun statistikasına əsasən, ölən 63 hərbçidən 11-i intihar, 2-si silahla düzgün davranmamaq nəticəsində dünyasını dəyişib. 1-i isə əsgər yoldaşı tərəfindən öldürülüb.

Həmçinin, erməni əsgərlərdən 3-nün xəstəlikdən, 1-nin minaya düşərkən, 3-nün bədbəxt hadisə, 6-sının xidməti vəzifələrini icra edərkən yol qəzasında, 2-sinin döyüş xidməti qaydalarını pozduğuna görə, 2-sinin isə helokopterin qəzaya uğraması nəticəsində öldüyü bildirilir.

Qeyd edək ki, statistikaya əsasən 2017-ci illə müqayisədə ötən il Ermənistan ordusunda intihar hallarının sayı artıb. Ümumilikdə isə, Ermənistan Baş Prokurorluğunun 2017-ci ilə olan statistikasında ölən erməni hərbçilərinin sayının 76 olduğu qeyd olunub.

Onu da bildirək ki, açıqlanan rəqəmlərə baxmayaraq, İrəvandakı rəsmi dairələr erməni hərbçilərin ölüm halları barədə dəqiq və real rəqəmləri hər dəfə ictimaiyyətdən gizlədir. Bunu, ötən il Ermənistan Müdafiə Nazirliyinin 2017-ci il üzrə təqdim etdiyi statistikanın Baş Prokurorluğun yaydığı rəsmi statistika ilə ziddiyyət təşkil etməsi açıq şəkildə sübut edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti