Qərbpərəst Paşinyanın ifşası: “Ermənistanda KİV-lər müstəqil deyil”

  15 Yanvar 2019    Oxunub : 1516
 Qərbpərəst Paşinyanın ifşası: “Ermənistanda KİV-lər müstəqil deyil”
Ermənistandakı “məxməri inqilab”dan sonra ölkədəki kütləvi informasiya vasitələri dövlətin və hakimiyyətin əleyhinə məlumatlar yayaraq ictimai rəyi çaşdırmağa çalışırlar. Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan mediası hazırkı hakimiyyəti Serj Sarkisyanın rəhbərliyindəki Respublikaçılar partiyasının idarəçiliyilə eyniləşdirməyə və bununla da, hökumətin işinə kölgə salmağa çalışır. Hökumət isə kifayət qədər maliyyə və informasiya resursuna sahib olmadığından bu cür yalan məlumatların qarşısını ala bilmir.

“Ermənistanda informasiya sahəsinin 90%-i ya əvvəlki hakimiyyətin təmsilçilərinə, ya da indiki hökumətin əleyhdarlarına məxsusdur. Niyə mən bu barədə danışıram və nə üçün bu məsələ vacibdir? Səbəb birdir... İndi informasiya meydanında bizim hakimiyyətimizi “respublikaçılaşdırmaq” cəhdlərinin edildiyi bir proses gedir. Bu nə deməkdir? İndiki hakimiyyətin əvvəlkindən heç nə ilə fərqlənmədiyini və ölkədə heç nəyin dəyişmədiyini deməkdir. Və bu təşviqat kampaniyasında xüsusi yeri mənim ailəm və bizim siyasi komandamıza qarşı təbliğat tutur” – Paşinyan vurğulayıb.

Lakin onun bu çıxışına KİV-lərin reaksiyası birmənalı olmayıb. Ermənistanın nüfuzlu media qurumları bildiriblər ki, Paşinyan özü 1999-2012-ci illərdə sabiq prezidentlər Robert Koçaryanla Serj Sarkisyana qarşı qatı müxalif mövqedə olan “Haykakan Jamanak” (“Ermənistan vaxtı”) qəzetinin redaktoru olub və dayanmadan dövlətin yürütdüyü siyasətin əleyhinə yazılar dərc edib. Hətta Paşinyanın qərbpərəst olmasına rəğmən, o zamanlar ABŞ-ın Ermənistandakı səfiri olmuş Con Evans Vaşinqtona yazdığı məxfi raportda “Haykakan Jamanak”ın “reallıqda öz təsdiqini tapmayan əsassız və yalan hekayələr yazan qəzet” olduğunu qeyd etmişdi. ABŞ-ın maliyyələşdirdiyi Azadlıq Radiosu isə Paşinyanın qəzetini Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyana şəxsi simpatiya bəslədiyini və sırf bu üzdən sonrakı hökumətlərə qarşı qatı müxaliflik etdiyini bildirmişdi.

Bu səbəbdən də, indi erməni KİV-ləri Paşinyanın ölkədəki müxalif səsləri boğmaq və hakimiyyətə gəlmək naminə verdiyi çəhrayı vədlərlə bağlı xalqın hesabat tələbindən qaçmaq məqsədilə belə bir çıxış etdiyini deyirlər. Qeyd olunur ki, Paşinyan bir zamanlar sələflərinə qarşı elə özünün yaratdığı təhlükədən sığortalanmaq üçün artıq Ermənistanda azad medianı sıxışdırmaq və informasiya sahəsini bütünlüklə dövlətin nəzarətinə keçirmək istəyir. Bu çıxış da ilkin siqnal və xəbərdarlıq rolunu oynayır.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   KİV