Tereza Mey istefa verməyi düşünmür

  15 Yanvar 2019    Oxunub : 1138
 Tereza Mey istefa verməyi düşünmür
Böyük Britaniyanın baş naziri Tereza Mey nazirlər kabinetinin üzvlərinə bildirib ki, “Brexit” sazişi üzrə bu günkü parlament səsverməsinin nəticələrinə çevik cavab verəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Britaniya baş nazirinin sözçüsü Ceyms Slek deyib. Jurnalistlərin “əgər Mey parlament səsverməsini uduzarsa istefa verəcəkmi?” sualına cavab olaraq o bildirib ki, Tereza Mey Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına dair cəmiyyətin arzusunu həyata keçirməkdə qətiyyətlidir. Bununla da Slek, məğlubiyyətlə üzləşsə belə baş nazirin istefa vermək niyyətində olmadığını deyib.

“Baş nazir (nazirlər kabinetinin üzvlərinə) dedi ki, hökumət xalqın qulluqçusudur və o, qəlbən inanır ki, biz 2016-cı il referendumunun nəticəsini yekunlaşdırmalıyıq. Mey həm də əlavə etdi ki, parlament səsverməsi başlayandan sonra nəticələrə çevik cavab verəcək” - baş nazirin sözçüsü vurğulayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 19:00-da Böyük Britaniya parlamentində ölkənin Avropa İttifaqından ayrılma prosesinin formatını müəyyənləşdirəcək “Brexit” sazişi üzrə səsvermə keçiriləcək. Britaniyanın müxalif Leyboristlər Partiyası isə bəyan edib ki, əgər Mey parlament səsverməsini uduzarsa hökumətə qarşı etimadsızlıq səsverməsi keçirəcəklər.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Brexit   Avropa   Britaniya