İrandan Niderlanda etiraz notası - Səfir XİN-ə çağırıldı

 İrandan Niderlanda etiraz notası -  Səfir XİN-ə çağırıldı
  15 Yanvar 2019    Oxunub:1755
İranın Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin Haaqadakı diplomatik missiyasına edilən hücumlarla əlaqədar rəsmi Amsterdama etiraz notası təqdim edib.
Azvision.az “İRNA”ya istinadən xəbər verir ki, bu barədə İran XİN-in yaydığı bəyanatda deyilir. Bildirilir ki, bu məqsədlə Niderlandın İrandakı səfiri XİN-ə çağırılıb.

“Niderlandın səfiri İran XİN-in Avropa departamentinin birinci rəhbəri tərəfindən nazirliyə çağırılaraq, ona qəti etiraz ifadə olunub. İranın etirazı bəzi anti-inqilabi və separatçı əhvallı şəxslərin İranın Haaqadakı səfirliyinə hücumu ilə əlaqədardır. Bu cür hücumlar və onların qarşısını almaq istiqamətində Niderland polisinin qeyri-adekvat tədbirləri keçmişdə də baş verib. Biz Amsterdamı diplomatik əlaqələr haqqında Vyana konvensiyaları çərçivəsində ciddi addımlar atmağa və İran İslam Respublikasının Haaqadakı diplomatik missiyasının təhlükəsizliyini təmin etməyə çağırırıq. ” – bəyanatda vurğulanır.

Qeyd edək ki, ötən həftə naməlum şəxslər İranın Niderlanddakı səfirliyinin binasını daşa basaraq pəncərələrin şüşələrini sındırıb və binaya daxil olmağa çalışıblar. Rəsmi Tehran iddia edir ki, hücumçular “Əl-Əhvaz” terror təşkilatının üzvləridir. İran rəhbərliyi Amsterdamdan səfirliyin binasının və əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsini və cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb edir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   Niderland  





Xəbər lenti