Azərbaycan-İndoneziya əlaqələri müzakirə olundu

  08 Noyabr 2013    Oxunub : 406
Azərbaycan-İndoneziya əlaqələri müzakirə olundu
AzVision.az xarici işlər nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Xarici işlər naziri Elmar Məmmədyarov 7-8 noyabr tarixlərində İndoneziyada keçirilən Demokratik Forumda iştirakı çərçivəsində İndoneziyanın Xarici işlər naziri Marti Nataleqava ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında münasibətlər, xüsusilə enerji sahəsində və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Marti Nataleqava Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycanın təşəbbüsü ilə BMT TŞ-da “BMT ilə İslam Əməkdaşlıq təşkilatı arasında tərəfdaşlığın gücləndirilməsi” mövzusunda keçirilmiş yüksək səviyyəli iclasın əhəmiyyətini vurğulayıb.

Nazir E.Məmmədyarov indoneziyalı həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıq prosesi barədə məlumat verərək, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın haqlı mövqeyinə göstərdiyi dəstəyə görə İndoneziya tərəfinə öz təşəkkürünü bildirib.

Marti Nataleqava Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün BMT TŞ-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vacibliyini qeyd edərək, ölkəsinin münaqişə ilə əlaqədar tutduğu prinsipial mövqeyini bir daha vurğulayıb.

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, Azərbaycanın və İndoneziyanın üzvü olduqları regional təşkilatlar arasında əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi barəsində razılıq əldə edilib.

Nazir E.Məmmədyarov İndoneziyanın Xarici işlər naziri Marti Nataleqavanı Azərbaycana səfərə dəvət edib. Marti Nataleqava öz növbəsində dəvəti məmnuniyyətlə qəbul edib.

Bundan əlavə xarici işlər naziri Elmar Məmmədyarov İranın xarici işlər nazirinin müavini Morteza Sarmadi ilə də görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ikitərəfli əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Teqlər: