“Dövlətə yük olan qurumların hamısı ləğv edilməlidir” - Fəzail Ağamalı
Deputat Fəzail Ağamalı Azərbaycanda aparılan struktur islahatları ilə bağı Azvision.az -a bildirib ki, ölkə başçısının bu addımı onun islahatçı prezident imicini bir daha ortaya qoyur.
“Bu günlərdə ölkə başçısı bir neçə fərman imzalayıb. Bu fərmanlar mahiyyət etibarı ilə ölkəmizdə idarəçilik sisteminin daha da təkmilləşdirilməsinə xidmət edir. Strukturların yenilənməsi ölkəmizdə daha çevik, operativ və konkret idarəçilik sisteminin yaranmasına xidmət edir. “Azərsilah” ASC-nin yaradılması imkan verir ki, qeyri-neft sektorunun mühüm bir sahəsi kimi ölkəmizə valyuta gətirən bir struktura çevrilsin. “Azərsilah” ASC-nin yaradılması ilə ölkəmizdə yeni silahlar istehsal olunacaq. Belə ki, ayrı-ayrı ölkələrlə birgə silah istehsal edən müəssisələrin yaradılması, istehsal olunan silahların dünya bazarına çıxarılması ölkəmizə valyuta gətirilməsi ilə nəticələnəcək. Həmçinin aqrar sektorda müxtəlif xidmətlər var idi. Bu xidmətlər Kənd Təsərrüfatı Nazirliyinin tərkibində olsa da, onların fəaliyyətinin vahid mərkəzlə əlaqələndirilməsinə ciddi ehtiyac duyulurdu. Ölkə başçısı bunu təmin edərək Kənd Təsərrüfatı Nazirliyində özünü ifadə edən ayrı-ayrı xidmət sahələrini vahid aqrar xidmət mərkəzinə çevirdi. Bu, kənd təsərrüfatının həmin istiqamətdəki fəaliyyətinə çevik imkanlar yaradır, işləri xeyli dərəcədə asanlaşdırır”.
F.Ağamalının sözlərinə görə, dövlət büdcəsinə yük olan, adı olub, fəaliyyəti gözə dəyməyən qurumların ləğvi vacibdir: “Bəzi strukturların öz fəaliyyətini ictimai əsaslarla davam etdirməsi məqsədəuyğundur. Həmin sahələrə xərclənən vəsait büdcədə qalaraq daha əhəmiyyətli, mühüm dövlət layihələrinin reallaşmasına xərclənə bilər. Bu islahatlar dövlətçiliyimizi gücləndirir. Həmçinin, bu addımlar struktur dəyişikliyi ilə idarəçilik sisteminin təkmilləşdirilməsinə və müasir çağırışlara cavab verən mobil sistemin yaranmasına xidmət edir. Digər tərəfdən bu dövlət büdcəsinə qənaətdir. Bu qənaət başqa sahələrin inkişaf etdirilməsinə yönəldilir. Ümumilikdə isə islahatlar əhalinin dövlət strukturlarına daha əlçatan olmasına və onun problemlərinin çevik formada həll olunmasına xidmət edir. Həm də sahibkarlığın inkişafına mühüm töhfələr verir. Əminəm ki, struktur dəyişikliyi bundan sonra da davam edəcək, qarşıdakı zamanda paralel strukturların birləşməsinə, hələ də dövlət büdcəsində yükə çevrilən bir sıra srukturların ləğvinə xidmət edən fərmanların şahidi olacayıq”.
Anar Kəlbiyev
Azvision.az