Maliyyə naziri BVF-nin nümayəndə heyəti ilə görüşdü

Maliyyə naziri BVF-nin nümayəndə heyəti ilə görüşdü
  09 Noyabr 2013    Oxunub:1196
Azərbaycanın maliyyə naziri Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu gün Azərbaycanın maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqini və onu müşayət edən nümayəndə heyətinin üzvlərini qəbul edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verlir ki, görüşdə BVF ilə mövcud əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivlər müzakirə olunub, 2013-cü il və sonrakı illər üzrə ümumi iqtisadi göstəricilər, cari ilin dövlət büdcəsinin icrası və 2014-cü il üzrə dövlət büdcəsinin parametrləri barədə fikir mübadiləsi aparılıb, xərclər üzrə səmərəliliyin artırılması istiqamətində atılan addımlar qeyd olunub. Həmçinin, ölkəmizdə bazar iqtisadiyyatı istiqamətində həyata keçirilən islahatların və makroiqtisadi sabitliyin təmin olunmasının önəmi vurğulanıb, Azərbaycanın prioritet elan etdiyi sahələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

S.Şərifov bildirib ki, dövlət başçısı İlham Əliyevin növbəti 5 il üçün Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizdə sabitliyin və dayanıqlı sosial-iqtisadi siyasətin bundan sonra da davam etməsini təmin edəcək. Nazir qeyd edib ki, dövlət başçısı Azərbaycan iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə əlaqədar hökumət qarşısında qeyri-neft ümumi daxili məhsulun iki dəfəyədək artması vəzifəsini qoyub.

Azərbaycanda müşahidə olunan makroiqtisadi və maliyyə sabitliyi barədə danışan missiya rəhbəri R.Almarzoqi qeyri-neft gəlirlərinin artırılması və qeyri-neft sektorunun davamlı inkişafı sahəsində əldə olunan nailiyyətləri müsbət qiymətləndirib.


Teqlər:





Xəbər lenti