“Brexit” təxirə salına bilər, amma...

  16 Yanvar 2019    Oxunub : 1130
 “Brexit” təxirə salına bilər, amma...
Avropa İttifaqı (Aİ) yalnız əgər etibarlı alternativ çıxış planı olarsa, “Brexit”in vaxtının təxirə salınması və danışıqlar prosesinin uzadılması məsələsinə baxa bilər.
Azvision.az xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey parlamentdəki məğlubiyyətindən sonra deputatlar qarşısında etdiyi çıxışında deyib.

“Hökumətin siyasəti ondan ibarətdir ki, biz 29 martda Avropa İttifaqını tərk edəcəyik. Amma İttifaq nizamnaməsinin 50-ci maddəsini (üzv dövlətlərin Aİ-dan çıxma hüququnu nəzərdə tutan maddə) yalnız o halda genişləndirə bilər ki, razılaşdırılmış anlaşma üzrə alternativ plan mövcud olsun” – Mey bildirib.

Britaniya baş naziri həmçinin, bu axşam parlamentdə onun rəhbərlik etdiyi hökumətə qarşı keçiriləcək etimadsızlıq səsverməsində deputatlardan kömək də istəyib. Bildirib ki, səsvermə zamanı deputatlar hökumətə dəstək verərlərsə, bu, “Brexit”in reallaşdırılması üçün bir yol tapılmasına imkan verəcək.

Qeyd edək ki, müxalif Leyboristlər Partiyasının lideri Ceremi Korbin bu axşam yerli vaxtla saat 19:00-da Britaniya parlamentində Mey hökumətinə qarşı etimadsızlıq səsverməsi keçirməyi təklif edib.

“Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Brexit   Avropa   Britaniya