Tramp maaşsız qalan dövlət işçilərinə kompensasiya verəcək
Ötən həftə ABŞ Konqresinin hər iki palatası administrasiyanın bu təşəbbüsünü dəstəkləmişdi.
Qeyd edək ki, 22 dekabrdan etibarən ABŞ hökumətinin 9 nazirliyi - Dövlət Departamenti, Daxili Təhlükəsizlik Nazirliyi, Ədliyyə, Nəqliyyat, Kənd-Təsərrüfatı və digər nazirliklər büdcə çatışmazlığından öz işini dayandırıb. “Şatdaun” adlandırılan bu proses nəticəsində federal hökumətin 800 min işçisi maaşsız qalıb. Onlardan 380 mini pulsuz məzuniyyətə göndərilib. Qalan 420 min nəfər isə artıq 26-cı gündür maaşsız işləyirlər və yalnız büdcə ilə bağlı mübahisə öz həllini tapandan sonra əmək haqqlarını ala biləcəklər.
“Şatdaun”un səbəbi isə Trampın Meksika ilə sərhəddə divarın tikintisi üçün 5 milyard dollar vəsait ayrılmasını tələb etməsidir. Belə ki, Trampın tələbi Konqressdə respublikaçılarla demokratlar arasında büdcə danışıqlarının iflasa uğraması və 2019-cu maliyyə ili üçün ABŞdövlət büdcəsinin hələ də qəbul edilməməsi ilə nəticələnib. Demokratlar sərhəd təhlükəsizliyinin təmini üçün əlavə olaraq yalnız 1,3 milyard dollar ayıra biləcəklərini deyiblər. Tramp isə bildirib ki, əgər demokratlar kompromisə gəlməsələr, ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edəcək. Onun sözlərinə görə, bu cür rejimdə ABŞ-ın Meksika ilə sərhədindəki “divar çox sürətlə tikiləcək”.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Meksika Konqress ABŞ Şatdaun







Vaxtında, Aydın, Lazımlı!


