“Ölkəmizdə bir dənə də ABŞ bazası yoxdur” - İraq generalı

  17 Yanvar 2019    Oxunub : 1195
“Ölkəmizdə bir dənə də ABŞ bazası yoxdur” - İraq generalı
İraqın öz ərazisində xarici qoşunların yerləşdirilməsinə ehtiyacı olmayıb və bundan sonra da olmayacaq. Hazırda ölkədəki ABŞ quru qoşunları isə İraq ordusuna təlimlər keçməklə məşğuldur.
Azvision.az xəbər verir ki, bunu İraq Müdafiə Nazirliyinin rəsmisi, general-mayor Tahsin əl-Həfaci “RİA Novosti”yə müsahibəsində deyib.

“Birincisi, Vaşinqton İraqda heç bir hərbi bazaya sahib deyil. İraqda Amerikanın komandanlığı altında olan bir dənə də ABŞ bazası yoxdur. İkincisi isə, hazırda İraq ərazisindəki xarici qüvvələr sadəcə beynəlxalq koalisiyanın məsləhətçiləridirlər və İraq ordusunun hazırlıq planı, onlara təlim keçilməsi və loqistik, hərbi hava dəstəyi verilməsilə məşğuldurlar” - əl-Həfaci bildirib.

İraq generalı onu da vurğulayıb ki, İŞİD-lə müharibədə quru döyüşlərini məhz İraq özü aparıb və bu zaman beynəlxalq koalisiya yalnız hava dəstəyi verib: “Düşünürəm ki, biz beynəlxalq koalisiya, bütün dost və qardaş ölkələrlə əməkdaşlıq edərək ümumi bir komanda kimi terrorizm üzərində uğur qazandıq. Amma bir daha təsdiq edirəm ki, bizim sərhədlərimizdə və ərazimizdə heç bir xarici silahlı qüvvələr olmayıb, yoxdur və olmayacaq.”

Xatırladaq ki, İraq 2017-ci ilin dekabrında İŞİD terrorçuları üzərində qələbə çalıb. Buna baxmayaraq, ötən ilin son günlərində İraqa qəfil səfərində ABŞ prezidenti Donald Tramp İŞİD üzərində çalınan qələbəyə rəğmən İraqdakı 5 mindən çox Amerika hərbçisini geri çəkmək niyyətində olmadığını deyib. Onun bu bəyanatı İraqın yeni hökumətində narazılıqla qarşılanmışdı.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: İŞİD   İraq   ABŞ