Cinayətkarlar Ermənistan polisini pulla satın alıblar - Korrupsiya faktı

Cinayətkarlar Ermənistan polisini pulla satın alıblar -  Korrupsiya faktı
  17 Yanvar 2019    Oxunub:2197
Ermənistanın Milli Təhlükəsizlik Xidməti polisin də cinayət ortağı olduğu irimiqyaslı korrupsiya faktının üstünü açıb.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, 2018-ci ilin iyul-oktyabr aylarında Stepanav meşə təsərrüfatının “Armles” qeyri-kommersiya dövlət təşkilatının meşəbəyisi həmin təsərüfatın direktoru ilə əvvəlcədən razılıq əsasında meşə ağaclarının qanunsuz kəsilməsi, daşınması və satışını təşkil edib. Bu “xidmətlərinə” görə, meşəbəyi müxtəlif vətəndaşlardan 300 min dramdan çox (təqribən 620 ABŞ dolları) rüşvət alıb.

Onların bu qanunsuz biznesinə mane olmaması üçün cinayətkarlar Ermənistan polisini pulla satın alıblar. Hüquq-mühafizə orqanlarının bu cinayətə göz yumması üçün meşəbəyi Stepanavan polis idarəsinin rəis müavininə 150 min dram rüşvət təklif edib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bəyan edib ki, polisin iştirakilə baş tutan korrupsiya faktına dair hazırda cinayət işi açılıb və həmin 3 nəfərə qarşı ittiham irəli sürülüb. Onlardan 2-si həbs edilib, digəri isə ölkəni tərk etməməsi şərtilə girov müqabilində zaminə buraxılıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Korrupsiya   Polis  





Xəbər lenti