Britaniyada “B planı” üzrə səsvermə tarixi bilindi

 Britaniyada “B planı” üzrə səsvermə tarixi bilindi
  17 Yanvar 2019    Oxunub:1749
Böyük Britaniya parlamenti ölkənin Avropa İttifaqından ayrılma formatını müəyyənləşdirəcək “Brexit” sazişinə alternativ “B planı”nı üzrə səsverməni 29 yanvarda keçirəcək.
Azvision.az xəbər verir ki, bu barədə Britaniya parlamentinin İcmalar Palatasının (aşağı palata) sədri Andrea Lidsom bəyan edib.

“Hökumətin “Brexit” üzrə növbəti addımları ilə bağlı qanun layihəsi (“B planı”) 21 yanvarda parlamentə təqdim olunacaq. Bu qanun layihəsi üzrə debatlar və səsvermə isə palatanın razılıq verəcəyi təqdirdə 29 yanvarda keçiriləcək”, – Lidsom parlamentdəki çıxışında bildirib.

Qeyd edək ki, 15 yanvarda Britaniya parlamenti ölkənin Avropa İttifaqından ayrılma formasını müəyyənləşdirəcək “Brexit” sazişini rədd edib. İcmalar Palatasının 202 üzvü sazişin lehinə, 432-si isə əleyhinə səs verib. Bununla da, Britaniyanın Avropa İttifaqından daha sərt və problemli ssenarilər əsasında çıxışı üçün “yaşıl işıq” yanıb.

10 yanvarda Britaniya parlamentinin qəbul etdiyi qanun dəyişikliyinə əsasən, indi baş nazir Tereza Meyin rəhbərlik etdiyi hökumət “Brexit” səsverməsindən sonrakı 3 iş günü ərzində parlamentə alternativ “B planı” təqdim etməlidir. Lakin bu planın məzmunu haqda hələ ki heç bir məlumat yoxdur. Hazırda Britaniya hökuməti Aİ-dan çıxmanın şərtləri barədə parlament fraksiyaları ilə məsləhətləşmələr aparır. Yalnız müxalif Leyboristlər partiyası bu məsləhətləşmələrdə iştirakdan imtina edib. Onlar hesab edirlər ki, Mey hökuməti Britaniyanı idarə etməyə və ölkəni əlverişli şərtlərlə İttifaqdan ayırmağa qadir deyil. Mey hökumətinə qarşı dünən parlamentdəki etimadsızlıq səsverməsinin təşəbbüskarı da Leyboristlər idi. Lakin səsvermə zamanı deputatlar hökumətə daha bir şans verdilər.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Brexit  





Xəbər lenti