“Aynanın qarşısında özümü təbrik etdim” - 78 yaşlı Xalq artisti

“Aynanın qarşısında özümü təbrik etdim” -  78 yaşlı Xalq artisti
  18 Yanvar 2019    Oxunub:8029
Bu gün tanınmış kinorejissor, ssenarist Eldar Quliyevin doğum günüdür. Sevilən filmlərin rejissoru, ssenari müəllifi olan xalq artisti 78 yaşını qeyd edir.

O, doğum günü təəssüratlarını Azvision.az-la bölüşüb.
- Eldar müəllim, 78 yaşınız tamam olur. Kişilərin yaşı barədə həmişə deyirlər ki, “yaş kişinin var-dövlətidir”. Bu fikirlərlə razısınız, yoxsa yaş sadəcə illərin yığınıdır?

- Yox, yaşa illərin yığını demək olmaz, dövlətdir.

- Bu baxımdan sizi onda zəngin kişi hesab etmək olar?

- Olar.

- 78-dən geriyə boylansaq, ən çox hansı yaş dövrünüzdə dayanarsınız, xatirələrin dərinliyinə dalarsınız?

- 77 yaş. Ona görə ki, mən bu yaşacan gəlib çatmışam.

- Çox adam təmtəraqlı doğum günü qeyd etməyi xoşlamadığını deyir. Bəs siz?

- Sözsüz, xoşlayıram. Ona görə ki, anadan olan günüm olmasaydı, mən də bu gün olmayacaqdım və yaşamayacaqdım.



- Nəvələriniz varmı? Babalarını necə təbrik edirlər?

- Var, can sağlığı arzulayırlar. Onlar burada yaşamırlar, başqa ölkələrdədirlər.

- Çox insan etiraf etməsə də, daha çox gəncliyin həsrətin çəkir. Deyir, yaşamalı, fəaliyyət göstərməli dövr gənclik illəridir.

- Yox, mən artıq o illəri yaşamışam, necə yaşamışamsa, özüm bilərəm. Amma o yaşı keçmişəm, gələcəyi, sabahı fikirləşmək lazımdır.

- 78 il elə-belə yaş deyil. Bir iğidin ömrüdür. Kifayət qədər təcrübəniz, həyati müşahidələriniz, yaşamla bağlı fikirləriniz var. Nə məsləhət verərdiniz gənclərə?

- Gərək insan özünü aldatmasın. Necə var, elə də yaşasın.

- Bu gündən sabaha adlamaq üçün sizə stimul verən, güc verən nədir?

- Həyatın özü.



- Bəs ümidləriniz nədir?

- Mən istəyərdim ki, vaxt mənə imkan versin, həyatımızdan, necə yaşayırıq, bizi hansı fikirlər maraqlandırır mövzularında filmlər çəkərdim.

Sizinlə söhbətdən anladım ki, həyatada nikbin olmaq lazımdır, nikbinliyi itirmək olmaz.

- Sözsüz.

- Bu gün ayna qarşısında keçdiniz, saçınıza daraq çəkdiniz, nə dediniz özünüzə?

- Ayna qarşısında özümü təbrik etdim. Dedim, təbrik edirəm səni, Eldar.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Eldar-Quliyev  





Xəbər lenti