“Çin və digərləri ballistik raketlərini ləğv etməlidir” - Berlindən tələb

“Çin və digərləri ballistik raketlərini ləğv etməlidir” -  Berlindən tələb
  18 Yanvar 2019    Oxunub:2613
Vaşinqtonla Moskva arasındakı “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilə genişləndirilərək, ora Çin və digər ölkələr də daxil olmalı və yer tipli orta mənzilli raketlərini ləğv etməlidirlər
Azvision.az xəbər verir ki, Almaniya xarici işlər naziri Hayko Maas Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdən sonra məbuata açıqlamasında bu cür bəyanatla çıxış edib.

“Bu gün yeni, avtonom silahlanma sistemləri və kiberməkan silahları o qədər çoxdur ki, “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilənin nizamladığı məsələlərin çərçivəsindən kənara çıxan və yeni texnoloji imkanları tənzimləyən yeni müqaviləyə ciddi ehtiyac var. Həmin müqavilə üzrə tərəfdaş olan təkcə Rusiya və ABŞ yox, Çin və bu sahədə çalışan digər dövlətlər də silahlanma üzrə beynəlxalq nəzarətin yeni formasına və bu sahədəki yeni nizama cəlb edilməlidirlər” – Maas vurğulayıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilənin şərtlərini pozduğuna görə Vaşinqtonun sazişdən çıxacağını bəyan edib. Onun sözlərinə görə, “başqalarının ağlı başına gələnədək ABŞ öz nüvə potensialını artıracaq”. Ötən ilin dekabrın əvvəlində isə Vaşinqton müqavilənin şərtlərinə əməl etməsi üçün Rusiyaya 60 gün vaxt verib. Əks təqdirdə, ABŞ müqavilənin icrasını dayandıracaq. Vaşinqtonun bu qərarı NATO tərəfindən də dəstəklənib.

ABŞ ilə Rusiyanın Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağı hədəfləyən “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müddətsiz müqavilə 1987-ci ildə Qorbaçovla o zamankı ABŞ prezidenti Ronald Reyqan arasında Vaşinqtonda imzalanıb. Müqavilə Rusiya və ABŞ-ın 500-5500 kilometr məsafə radiusunda hədəfləri vura biləcək yer tipli bütün qanadlı raketlərin ləğvini nəzərdə tutur, həmçinin onların istehsalını və sınağını qadağan edir. Ekspertlərin fikrincə, müqavilənin ləğvi dünyada, xüsusən də iki ən böyük nüvə dövləti - ABŞ-la Rusiya arasında silahlanma yarışına səbəb olacaq ki, nəticədə qlobal, xüsusən də Avropa ölkələrinin təhlükəsizliyinə ciddi zərbə dəyə bilər. Çünki Rusiyanın qarşısının alınması üçün Vaşinqtonun nüvə başlığa daşıya bilən yer tipli orta mənzilli ballistik raketlərini yerləşdirəcəyi ilk region Avropa olacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya   Almaniya   ABŞ   Çin  





Xəbər lenti