“Maestro” Sarqsyanın Avropada mütəşəkkil cinayətləri üzə çıxdı

“Maestro” Sarqsyanın Avropada mütəşəkkil cinayətləri üzə çıxdı
  18 Yanvar 2019    Oxunub:2823
Avropa İttifaqı Polis Xidməti (“Avropol”) erməni əsilli belçika vətəndaşı, “maestro” ləqəbi ilə tanınan dəstə başçısı, 28 yaşlı Qriqor Sarqsyanın bütün Avropada tennis, voleybol, çimərlik voleybolu və basketbol üzrə nəticəsi əvvəlcədən razılaşdırılan danışılmış idman yarışları keçirdiyini, onlardan əldə etdiyi pullarla isə qanunsuz əmlak və silah aldığını üzə çıxarıb.
Azvision.az xəbər verir ki, bu barədə “Avropol”un İqtisadi cinayətlər departamentinin rəhbəri Pedro Felisiya “Associated Press” agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, açılan cinayət işi çəriçivəsində Niderland, Belçika, Almaniya, Slovakiya və Bolqarıstandan olan idmançıların ifadəsi alınıb. Lakin hələ ABŞ, Çili və Misirdən olan idmançılar və onların menecerləri istintaqa cəlb ediləcəklər.

Dindirilən idmançılar indiyədək Sarqsyanın sifarişi ilə ümumilikdə yüzlərlə danışılımış yarış keçirdiklərini etiraf ediblər. Xüsusən də, tennisçilər bildiriblər ki, aldıqları 500-3000 avro müqabilində “maestro” Sarqsyanın rəhbərlik etdiyi cinayətkar sindikata işləyiblər.

Pedro Felisiya vurğulayıb ki, Sarqsyanla bağlı aparılan istintaq nəticəsində bütün Avropa üzrə razılaşdırılmış oyunlar hazırlayan İspaniya və Belçika sindikatları arasında əlaqənin olduğu da aşkarlanıb.

“Avropol”un rəsmisi ötən həftə İspaniyada danışılmış oyunların təşkili ilə məşğul olan dəstə zərərsizləşdirilərkən, həbs edilənlərin əksəriyyətinin erməni olduğu bildirib. Həmçinin, 2018-ci ilin iyununda İspaniya və Fransada danışılmış oyunlarla məşğul olanlara qarşı keçirilən xüsusi əməliyyatlarda həbs edilən 129 şübhəli erməni cinayətkar dəstəsinin üzvləri olub.

Lakin Felisiyaya görə, Avropada bu cür danışılmış mütəşəkkil oyunlar təşkil edən cinayətkar sindikatların strukturu və iş metodunun tam müəyyənləşdirilməsindən hələ çox uzaqdırlar. Lakin nəticəyə varmaq üçün istintaqı sonadək aparacaqlar.

Qeyd edək ki, erməni dəstə başçısı, “maestro” ləqəbli Qriqor Sarqsyan danışılmış idman yarışlarının təşkili və idmançıların şantajı ilə məşğul olduğuna görə 2018-ci ilin iyununda Belçikada həbs olunub. Onun başçılıq etdiyi sindikatın bu cür cinayət əməli vasitəsilə milyonlarla avro gəlir əldə etdiyi bildirilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənidəstə   İspaniya   Avropol  





Xəbər lenti