“Kimdən xoşu gəlmirdisə, AzTV-yə buraxmırdı” - Müğənni Aslan

  “Kimdən xoşu gəlmirdisə, AzTV-yə buraxmırdı” -    Müğənni Aslan
  19 Yanvar 2019    Oxunub:6021
Arif Alışanovun AzTV-nin sədri vəzifəsindən azad edilməsi bir neçə incəsənət xadiminin sevincinə səbəb olub. Onlardan biri müğənni Aslan Hüseynovdur. Alışanovun dövründə efirə çıxışına qadağa qoyulan müğənni bundan sonra AzTV-yə dəvət olunacağına ümid edir.

Bu barədə Azvision.az -a danışan Aslan bildirib ki, televiziyanın keçmiş rəhbəri kimdən xoşu gəlmirdisə, onun efirə çıxışına qadağa qoyurdu.
“Mənim fikrimcə, indi AzTV-nin rəhbərliyinə əsl televiziya işçisi gəlib. Rövşən Məmmədovu digər televiziyada işləyəndən tanıyıram. Bildiyim qədəri ilə gözəl və mədəni insandır. Məncə, o, Arif Alışanovun vaxtı ilə müğənnilərə qarşı etdiyini təkrarlamaycaq. Rəhbəri ona görə seçmirlər ki, kimdən xoşu gəlmirsə, efirə buraxmasın. Gərək hər şeyə düzgün yanaşasan. Mənim haqqımda bildirmişdilər ki, guya formata uyğun gəlmirəm. Əgər o formata layiq deyiləmsə, başqa məsələ. Bəs necə olur ki, nazirlik tərəfindən mədəniyyət günlərində hansısa xarici ölkəyə göndərilirəm, ölkə başçısının qarşısında çıxışıma icazə verilir. Deməli, mən də AzTV-də efirə çıxmağa layiqəm. Şəxsi fikirlər kənara qoyulmalıdır. Aslan hansısa fikri bildirdi deyə, ona qadağa qoymaq vicdanlı hərəkətdirmi? Mənə dedilər ki, AzTV-yə buraxılmamağımın səbəbkarı Musiqi verilişləri departamentinin rəhbəri Nadir Axundovdur. Aslan guya, formata düşmür. Daxili İşlər Nazirliynin solisti olmuşam. O boyda nazirliyə uyğun oldum, bircə Nadir Axundovun formatına uyğun gəlmədim. Buna görə, Arif Alışanova zəng etdim, məsələ barəsində onunla danışdım. Kobud cavab verdi və cavabını da aldı. Bəs, nə oldu? Allah böyükdür. Bu günün sabahı da var”, - deyə müğənni Alışanovun işdən çıxarılmasına sevindiyini gizlətməyib.

A.Hüseynov, həmçinin qeyd edib ki, ona təkcə AzTV-də deyil, İctimai televiziya, Mədəniyyət kanalı və "İdman Azərbaycan"da da qadağa qoyulub.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: AzTV   Aslan   Arif-Alışanov  





Xəbər lenti