Tereza Mey “B planı”nı işə salır

 Tereza Mey “B planı”nı işə salır
  21 Yanvar 2019    Oxunub:3678
Bu gün Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin Avropa İttifaqından (Aİ) ayrılma formatını müəyyənləşdirəcək “Brexit” sazişinə alternativ “B planı”nı parlamentə təqdim edəcək.
Azvision.az -ın “The Sunday Times” qəzetinə istinadən verdiyi xəbərə görə, bu gün parlamentdə çıxış edəcək Mey deputatlara izah etməyə çalışacaq ki, Britaniyanın Aİ-dən rəsmi “boşanma”sına 2 aydan bir qədər çox qalmış müddətdə “Brexit” danışıqlarını dalandan çıxarmaq üçün hökumət hansı adımları atmaq niyyətindədir.

Lakin qeyd olunur ki, “B planı”nın məzmunu indiyədək sirr olaraq qalır. Bununla belə, Britaniya KİV-ləri Şimali İrlandiya ilə sərhəd rejiminin gələcəyini həll etmək üçün London İrlandiya ilə ayrıca ikitərəfli müqavilə imzalaya bilər. “Sky News” telekanalının mənbəsi isə bu ehtimalın sıfra bərabər olduğunu bildirib.

Britaniyanın ümumiyyətlə Aİ-dan çıxmasına qarşı olan deputatların “B planı”na yanaşması da maraq doğuran məqamlar sırasındadır. Onların Meyin yeni təkliflərinə razı olub-olmayacaqları bilinmir.

Qeyd edək ki, 15 yanvarda Britaniya parlamenti ölkənin Avropa İttifaqından ayrılma formasını müəyyənləşdirəcək “Brexit” sazişini rədd edib. İcmalar Palatasının 202 üzvü sazişin lehinə, 432-si isə əleyhinə səs verib. Bununla da, Britaniyanın Avropa İttifaqından daha sərt və problemli ssenarilər əsasında çıxışı üçün “yaşıl işıq” yanıb.

10 yanvarda isə Britaniya parlamentinin qəbul etdiyi qanun dəyişikliyinə əsasən, baş nazir Tereza Meyin rəhbərlik etdiyi hökumət “Brexit” səsverməsindən sonrakı 3 iş günü ərzində parlamentə alternativ “B planı” təqdim etməlidir. Bunun üçün Britaniya hökuməti parlament fraksiyaları ilə məsləhətləşmələr aparıb. Yalnız müxalif Leyboristlər partiyası bu məsləhətləşmələrdə iştirakdan imtina edib. Onlar hesab edirlər ki, Mey hökuməti Britaniyanı idarə etməyə və ölkəni əlverişli şərtlərlə İttifaqdan ayırmağa qadir deyil.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Brexit   Avropaİttifaqı   Britaniya  





Xəbər lenti