Ermənistan hökuməti silahlı qiyamçıya təzminat ödəyəcək

  21 Yanvar 2019    Oxunub : 1642
 Ermənistan hökuməti silahlı qiyamçıya təzminat ödəyəcək
Ermənistanın Kassasiya Məhkəməsi sabiq prezident Serj Sarkisyan hakimiyyətinə qarşı silahlı qiyam qaldırmış, lakin daha sonra zərərsizləşdirilərək həbsə atılmış “Sasna Tsrer” qruplaşmasının üzvü Vardan Qeravetyanın Ermənistan hökuməti əleyhinə şikayətini təmin edib.
Azvision.az xəbər verir ki, bunu Qeravetyanın vəkili David Gürcyan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, məhkəmə Qeravetyanın şəxsi azadlıq və ədalətli məhkəmə icraatı hüquqlarının pozulduğunu təsdiqləyib.

“Bununla da məhkəmə təsdiqləyib ki, ən azı 2017-ci ilin oktyabrında həbs edildiyi andan başlayaraq sərbəst buraxıldığı vaxtadək Qeravetyan qanunsuz qərarla azadlıqdan məhrum edilib. Onun qanunsuz həbsinə görə dəymiş ziyanın ödənilməsi üçün hazırda dövlətdən təzminat tələb olunması məsələsinə baxılır”, - deyə vəkil vurğulayıb.

Xatırladaq ki, Qeravetyan Ermənistan polis polkunu silahla ələ keçirməkdə, girovlar götürməkdə, qanunsuz silah saxlamaqda və külli miqdarda maliyyə mənimsəməkdə ittiham edilir. Onunla bağlı məhkəmənin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə əlaqədar Qeravetyan hazırda azadlıqdadır.

2016-cı il iyulun 17-də “Sasna Tsrer” qruplaşması Serj Sarkisyanı hakimiyyətdən getməyə məcbur etmək üçün silahlı qiyam qaldırmış və İrəvanda Post-Patrul Xidmətinin binasına silahlı hücum edərək 6 nəfəri girov götürmüşdü. Girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Yegizaryan da olub. Həmin hadisələrdə əhali də qiyamçıların tərəfində olub və blokadada olan qruplaşma üzvlərini ərzaqla təmin etməyə çalışıb. Lakin bir neçə gündən sonra qiyamçılar hökumət qüvvələrinə təslim olublar.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   SasnaTsrer   Qiyam