İnvestorlar Qarabağa görə Ermənistandan qaçırlar

  21 Yanvar 2019    Oxunub : 2228
 İnvestorlar Qarabağa görə Ermənistandan qaçırlar
Ermənistan iqtisadiyyatına investisiyaların qoyulmamasının başlıca səbəbləri ölkədə davam edən siyasi qeyri-sabitlik və xüsusən də, Dağlıq Qarabağ probleminin həll edilməməsidir.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Qafqaz İnstitutunun əməkdaşı, politoloq Qrant Mikaelyan jurnalistlərə açıqlamasında bu cür bəyanatla çıxış edib. Onun sözlərinə görə, əgər hətta gələcəkdə Ermənistan daxilində siyasi atmosfer sakitləşsə belə, Dağlıq Qarabağda yeni müharibənin alovlanması riskinin yüksəkliyi investorları İrəvanla əməkdaşlıqdan uzaqlaşdırır.

“Hazırda investorlar gözləyir ki, Ermənistanda vəziyyət sabitləşsin. Amma reallıqda isə vəziyyət hələ sabit deyil və yalnız indi yavaş-yavaş sabitləşməyə başlayır. Amma hətta əgər fevral-mart aylarınadək daxili siyasi vəziyyət sabitləşsə belə, daha bir ciddi məsələ - Qarabağ münaqişəsi qalır. Çünki hamıya aydındır ki, oradakı hadisələrin inkişafı çox sürətlə və nəzarətsiz gedir və heç də Ermənistanın xeyrinə deyil. Bundan başqa, Qarabağda yenidən müharibənin başlanacağı riski olduqca böyükdür. Əgər bu baş versə, onda Ermənistana investisiya axınına böyük zərbə vuracaq” – Mikaelyan vurğulayıb.

Erməni politoloq onu da əlavə edib ki, investorları Ermənistandan qaçıran digər bir səbəb də, baş nazir Nikol Paşinyan hökumətinin onlara təqdim edəcəyi normal təkliflərin və sərmayələrin qorunması ilə bağlı etibarlı zəmanətin olmamasıdır: “Yeni hökumətin hələ ki bu sahədə özünün gündəliyi və təklifləri yoxdur. Paşinyan hökuməti eləcə deyir ki: “Gəlin bizim ölkəyə investisiya yatırın, amma əgər kimlərsə sizə mane olmağa çalışsa, onda özünüz baş nazirədək zəng edib şikayət edin”. Lakin mən xatırladaraq sizləri əmin edə bilərəm ki, Paşinyandan əvvəlki digər baş nazirlər də eyni sözləri deyirdi. Yəni artıq uzun illərdir ki, Ermənistana investisiyaların cəlb edilməsilə bağlı kompleks problemlə üzləşmişik. Və indiki vaxtda bu problem hələ də həll edilməyib və zənnimcə, heç necə ediləcəyilə bağlı bir fikrimiz də yoxdur.”

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   DağlıqQarabağ   İnvestisiya