AŞPA-da Ermənistanda keçirilən seçki tənqid olundu

  21 Yanvar 2019    Oxunub : 802
AŞPA-da Ermənistanda keçirilən seçki tənqid olundu
Başlanan hər yeni il ilk növbədə, gələcəklə bağlı ümidlər, arzular deməkdir. Lakin həm də Avropa Şurasının həyatında vacib olan bir yubiley ili başlanıb. Ona görə də biz təşkilatımızın 70 yaşının bayram ediləcəyi bu ilə ikiqat ümidlərlə baxırıq. İstədiyimiz zahirən sadə görünən, amma illərcə qarşımızda ağır problem kimi dayanan suallardır.
Bu fikri AŞPA-nın qış sessiyası çərçivəsində Büro və Daimi Komitənin fəaliyyətinə dair hesabatla bağlı müzakirələr zamanı qurumdakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov bildirib.

“Arzu edirik ki, Avropa Şurasının yaranıb fəaliyyət göstərdiyi ilk on illərdə ona xas olmuş prinsipiallıq, obyektivlik, ədalətlilik qurumun daim əsas iş prinsipi olsun. İkili standartlar siyasətinə son qoyulsun. Vahid ailə hesab edilən Avropa Şurasında digər üzv dövlətə qarşı işğal siyasəti aparan dövlətlər olmasın. Avropa Şurası belə hallara dözümlü yanaşmasın, ən sərt mövqe göstərsin. Avropa Şurasında təqdim olunan inkişaf hesabatları yalnız qazanılmış nailiyyətləri göstərməsin, buraxılmış ciddi qüsurları da etiraf etsin, onlardan qurtulmağın yollarını arasın”, - deyə Rafael Hüseynov vurğulayıb.

O, bildirib ki, Büro və Daimi Komitənin fəaliyyətinə dair hesabatda Ermənistandakı parlament seçkiləri də nəzərdən keçirilib. Bu seçkilərə qiymət vermək, onun nə dərəcədə şəffaf, demokratik olduğunu söyləmək istəmir. Bu seçkilərdə seçicilərin yarıdan azının iştirak etməsi əhalidəki inamsızlıq, sönük fəallıq dərəcəsi haqqında kifayət qədər aydın siqnal verir. Seçkilərin gedişi və nəticələri ilə bağlı sosial şəbəkələrdə elə Ermənistanın öz vətəndaşlarının saxtakarlıqlar, müxtəlif əyintilər, kütləvi qanunsuzluq halları ilə bağlı faktlara əsaslanan çoxsaylı paylaşmaları heç də xoş olmayan mənzərə yaradır. Lakin Ermənistanda mühüm dəyişikliklər baş verib, illərdən bəri ölkədə mövcud olan kriminal rejim devrilib. İndi gedən proseslərin nə qədər ziddiyyətli olmasına baxmayaraq, qonşu ölkənin daxili və xarici siyasətində müsbət dəyişikliklər olacağına ümid bəsləmək istəyirik.

“Başqa məqama diqqət çəkmək istərdim. Burada - Parlament Assambleyasında Ermənistanda əvvəllər keçirilmiş seçkilər də, ölkədəki demokratik təsisatların vəziyyəti də dəfələrlə müzakirə edilib. Xalqın artıq rədd etmiş olduğu, Ermənistan dövləti tərəfindən cinayətkar elan edilən keçmiş prezidentlər də vaxtilə bu mötəbər salonda kürsüyə qalxıblar.

Biz onlarla bağlı kəskin tənqidi fikirlərimizi hər dəfə bildirmiş, bununla əlaqədar sənədlər hazırlamışıq. Lakin Avropa Şurasının Ermənistanda monitorinq aparan məruzəçiləri haray salan nöqsanları sanki görməmiş, ermənistanlı hüquq müdafiəçilərinin səslərini eşitməmiş, hər şeyin təxminən lap yaxşı olmasını göstərən məruzələr hazırlamışlar. İnkişaf hesabatlarında da hər dəfə seçkilər müsbət qiymətləndirilmiş, kriminal rejimin başında duran şəxslərin buradakı çıxışları zamanı onlar haqqında Avropa Şurası adından müsbət fikirlər ifadə edilmişdir.

Bəs indi necə olsun? Tarixi silib atmaq olmur axı! O söylənilmiş, hazırlanmış hesabatların hamısı stenoqrafik şəkildə Avropa Şurası arxivində və bizim yaddaşlarımızda qalır. İndi Ermənistan özü – onun xalqı da, rəsmi rəhbərliyi də keçmiş rejimin cinayətkar mahiyyətini açıqca bəyan edir”, - deyə azərbaycanlı deputat qeyd edib.

R.Hüseynov deyib ki, vaxtilə burada Ermənistanla əlaqədar müsbət hesabatlar təqdim etmiş, əsl həqiqətləri təhrif etmiş, cinayətkar rejimlərlə həmrəylik nümayiş etdirmiş şəxslər barədə mövqe ortaya qoyulmalıdır. Bu, Avropa Şurasının nüfuzu məsələsidir. Səhvləri etiraf etmək də cəsarət nümunəsidir. Avropa Şurasında sistemli şəkildə buraxılmış bu qəbil son dərəcə köklü nöqsanlar mütləq etiraf edilməli, belə əməlləri törədənlərin adları çəkilməli, bütün bunları nəyin xatirinə etmiş olduqları açıqlanmalıdır.

Azərbaycanlı deputat diqqətə çatdırıb ki, bu qətiyyətli addımı atmaq, hər şeydən öncə, belə halların bir daha təkrarlanmaması üçün çox vacibdir.

Azvision.az

Teqlər: AŞPA