“75 yaşım var, niyə gizlədim ki?” - Xalq artisti üçün özəl gün

“75 yaşım var, niyə gizlədim ki?” -  Xalq artisti üçün özəl gün
  22 Yanvar 2019    Oxunub:8681
Bu gün Azərbaycanın Xalq artisti Hacı İsmayılovun doğum günüdür. 75 yaşını qeyd edən sənətçi doğum günü təssüratlarını Azvision.az-la bölüşüb.
- Hacı müəllim, bu gün 75 yaşınız tamam olur. Adətən kişilər üçün "yaş kişinin var-dövlətidir" deyirlər. Qadınlar isə yaşlarını gizlədirlər. Yaş onların sevmədikləri məfhumdur. Siz necə baxırsınız bu məsələyə?

- 75 yaşım var, niyə gizlədim ki? Qadınlar nə qədər yaşları olsa belə, cavandırlar, həmişə gözəldirlər. Allah onların gözəlliyini əllərindən almasın.

- Bəs, sizi var- dövlətli hesab etmək olarmı?

- Mən xalqa, millətə, dövlətə qulluq etməyi, öz sənətimi sevməyimi var-dövlət hesab edirəm. Əsas bunlardır.

- 75-dən arxaya baxanda ən çox hansı illərin xifətini çəkirsiniz?

- Vallah geriyə baxanda görürəm ki, hər ilin öz gözəlliyi var. Hamısının öz əlamətləri olub. Xoş günlərimi xatırlayıram. 1980-ci ildə Respublika dövlət mükafatına layiq görülmüşəm, Əməkdar artist və Xalq artisti adlarını almışam. Prezidentimiz dünən məni "Şöhrət" ordeni ilə təltif etdi. Bundan böyük xoşbəxtlik nə ola bilər ki?!



- Doğum günlərinizi qeyd etməyi xoşlayırsınızmı?

- 60 illiyimi yaxşı qeyd etmişəm. Sonrakı illər təmtəraqlı olmayıb. İndi 75-dir, bir şey fikirləşərik.

- Bu gündən sabaha hansı ümidlə boylanırsınız?

- Ömrümü kinoya, teatra həsr etmişəm. Allah ömür versə, bundan sonra da yaradacam, insanlara nəsə bəxş edəcəm.

- Yəqin ki, çətin günləriniz də az olmayıb.

- Ağrılı, acılı günlərim də olub. Amma sonu, nəticəsi çox gözəldir. Dövlət tərəfindən xidmətlərim qeyd olunursa, diqqət, qayğı varsa, bu, çox ürəkaçan haldır.



- 75 yaş az deyil, bir igidin ömrüdür. İllərin təcrübəsinə dayanaraq gənc aktyorlara nə tövsiyyə verə bilərsiniz?

- İnsan gərək əvvəla vətəndaş olsun, öz vətəni ilə fəxr etsin. Bunun üçün vətəni sevmək xalqa və dövlətə qulluq etmək lazımdır. Bu üçünü yerinə yetirə bilirsənsə, ürəklə deyə bilərsən ki, mən Azərbaycan vətəndaşıyam.

- Yəqin ki, nəvələriniz var? Babalarını necə təbrik ediblər?

- Hələ balacadırlar. Başa düşmürlər. Sevinirlər, amma mahiyyəti dərk etmirlər. Oğlum isə artıq təbrik edib.

- Sizə nə hədiyyə olunmasını istərdiniz?

- Mən uşaqlıqdan aktyor olmaq istəmişəm. Bu gün isə ürəyimdən keçir ki, tamaşada oynayım. Axşam "Qəribə, çox qəribə əhvalatlar" tamaşasını oynacağıq.



- Dünən prezident sizi "Şöhrət" ordeni ilə təltif etdi. Bunu gözləyirdinizmi?

- Teatr xadimləri İttifaqının sədri Azərpaşa Nemətovun müaviniyəm, dünən onun otağında idim. Ona zəng oldu və sədr mənə bu şad xəbəri verdi. Mən Azərpaşa müəllimə də təşəkkür edirəm, onun bu işdə zəhməti böyükdür.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hacı-İsmayılov  





Xəbər lenti