ATƏT PA prezidenti Mehman Hüseynovla bağlı qərarı alqışladı

  22 Yanvar 2019    Oxunub : 6090
 ATƏT PA prezidenti Mehman Hüseynovla bağlı qərarı alqışladı
ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli blogger Mehman Hüseynovla bağlı qərara münasibət bildirib.
Azvision.az xəbər verir ki, 57 dövlətin üzv olduğu ATƏT PA-nın prezidenti Mehman Hüseynova qarşı açılmış cinayət işinə xitam verilməsi ilə bağlı Azərbaycan hakimiyyətinin qərarını alqışlayıb. Bu haqda ATƏT PA-nın rəsmi saytı məlumat yayıb.

Tsereteli bildirib: "Bir il əvvəl Mehman Hüseynovu ziyarət edərkən, onun həbsxana şəraitini müşahidə etdim və onun tezliklə azad ediləcəyinə ümid etdim. Dekabr ayında ona qarşı yeni ittihamların irəli sürülməsi mənim dərin narahatlılığıma səbəb oldu və mən bu cinayət işinə xitam verilməsinə çox şad oldum. Mən onun işini yaxından izləyirdim və müntəzəm olaraq parlamentdəki həmkarlarımla və Azərbaycanın bir sıra hakimiyyət orqanları, o cümlədən prezident İlham Əliyevlə müzakirələrimdə də qaldırdım və bu işə ölkə başçısının şəxsən diqqət yetirməsi məni çox sevindirdi".

Tsereteli əlavə edib ki, Azərbaycanda demokratik islahatlar, xüsusən mətbuat azadlığı və vətəndaş cəmiyyətinin qatqısını artırmaq üçün şərait yaratmaq davam etdirilməlidir.

ATƏT PA-nın rəsmi saytında, həmçinin qeyd edilib ki, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev də Mehman Hüseynovla bağlı yanvarın 12-də açıqlama verərək bu məsələni Azərbaycanın müvafiq dövlət qurumları ilə müzakirə edib obyektiv araşdırılmasını xahiş edib.

Azvision.az

Teqlər: ATƏT-Pa   Mehman-Hüseynov