Erməni politoloqlar təşvişdə: “Paşinyan axı niyə Əliyevlə görüşüb?”

Erməni politoloqlar təşvişdə:   “Paşinyan axı niyə Əliyevlə görüşüb?”
  23 Yanvar 2019    Oxunub:4272
Erməni politoloqlar ötən gün Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan 1,5 saatlıq qeyri-rəsmi görüşü, xüsusən də, görüş üçün Paşinyanın təşəbbüs etməsini böyük narahatlıqla qarşılayıblar.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, politoloq Ayk Martirosyan son zamanlar beynəlxalq tədbirlər çərçivəsində Paşinyanın İlham Əliyevlə planlaşdırılmamış görüşlərinin intensivləşməsi və müzakirələrin əsas detallarının məxfi saxlanılmasını olduqca şübhəli hesab edir.

Onun fikrincə, dünənki görüşün heç də qeyri-rəsmi bir görüşə xas olmayan qədər uzun çəkməsi və danışıqların tam məzmununun ictimaiyyətə açıqlanmaması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Paşinyanın Ermənistanın ziyanına olan hansısa qərar verməyə hazırlaşması ilə əlaqəlidir. Çünki əvvəlki illərdən fərqli olaraq indi Ermənistanda vəziyyət dəyişməsi fonunda Paşinyanın bu məxfiliyi anlaşılan deyil.

“Əliyevlə görüşün niyə baş tutduğu anlaşılan deyil. Axı bütün bunların Ermənistan üçün faydası nədədir? Niyə bu görüş barədə məlumat əvvəlcədən elan edilməmişdi, yaxud niyə müzakirələrin bütün məzmunu ictimaiyyətə açıqlanmır? Levon Ter-Petrosyan, Koçaryan və Serj Sarkisyan dövründəki məxfiliyin səbəbləri aydın idi. Amma indi səbəb yoxdur. Niyə şəffaflıq şəraitində bu şəffaflığın özünü görmürük? Niyə Paşinyanla Əliyevin görüşləri bu qədər intensivdir? Axı Ermənistan tərəfi nəyə nail olmaq istəyir?” – erməni politoloq sual edib.

Qeyd edək ki, ötən gün Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Davos  





Xəbər lenti