“Chatam House” analitikinin Qarabağ şərhi: “Sülh sazişi üçün perspektiv yoxdur”

 “Chatam House” analitikinin Qarabağ şərhi:  “Sülh sazişi üçün perspektiv yoxdur”
  23 Yanvar 2019    Oxunub:4638
Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi üzrə “böyük partlayış” (“big bang”) effektli sülh sazişinin imzalanması üçün heç bir perspektiv yoxdur.

Azvision.az xəbər verir ki, bunu Böyük Britaniyanın “Chatham House” analitik mərkəzinin eksperti, “Caucasus Survey” jurnalının redaktoru Lourens Broers erməni mətbuatına açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında onillik intensiv hərbi rəqabətdən və 2016-cı ilin aprelindəki ciddi toqquşmadan sonra Qarabağ münaqişəsinin həlli istiqamətində inamlı sıçrayış gözləməyə dəyməz.

"Dağlıq Qarabağın gələcəyi barədə Ermənistan və Azərbaycan tərəfinin başlıca strukturlu ziddiyyətli bəyanatlarının heç biri dəyişməyib. Bu, o deməkdir ki, nizamlanma istiqamətində sıçrayışla bağlı istənilən söz-söhbət aldadıcıdır və bəlkə də, hətta təhlükəlidir"

Bu mənada, Britaniyalı analitik hesab edir ki, sıçrayış olacağı ilə bağlı düşüncədən uzaqlaşmaq vacibdir. Broers iddia edir ki, 2016-cı ilin aprel döyüşləri “tərəflərin uzunmüddətli müharibəyə hazır olmadıqlarını” göstərdi və sülhə məcburetmə strategiyası heç bir ciddi nəticə vermədi. Bununla belə ekpert nizamlanmanın qeyri-zorakı alternativləri üçün münaqişə tərəflərinin dialoqu intensivləşdirməsinin vacibliyinə və siyasi məkanın açıq saxlanılmasının mümkünlüyünə diqqət çəkib.

"Daha geniş sülh prosesində çoxsaylı simalar ortaya çıxıb – Ermənistanın yeni rəhbərliyindən tutmuş, Qarabağın azərbaycanlı icmasının yeni rəhbərinədək. Əminəm ki, tezliklə biz Dağlıq Qarabağda da yeni dəyişikliklər görəcəyik. Çünki liderlərin dəyişməsi əvvəlki strategiyalara yenidən baxılmasına imkan verir, amma əlbəttə ki, təkcə bu, kifayət deyil. Təmas xəttində gərginliyin uzun zamandır azalması fonunda insanlar arasında əlaqələrin sayının çoxalmasına yönələn kiçik adımlar da indiki şəraitdə mövcud ambisiyaların real səviyyəsinə çevrilərdi"

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Britaniya   ChatamHouse  





Xəbər lenti