İran və Suriya Maduronu dəstəklədi: “Baş verənlər ABŞ-ın təxribatıdır”

İran və Suriya Maduronu dəstəklədi:  “Baş verənlər ABŞ-ın təxribatıdır”
  24 Yanvar 2019    Oxunub:2993
İran və Suriya hökumətləri Venesuelada baş verən etirazlar və vətəndaş müharibəsi təhlükəsilə əlaqədar bəyanat verərək, Latın Amerikası ölkəsində baş verənləri ABŞ-ın Venesuelanın leqitim prezidenti Nikolas Maduronu devirmək cəhdilə əlaqələndiriblər.
Azvision.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Venesuelada baş verənlərin ABŞ-ın bu ölkənin daxili işlərinə qarışmasının nəticəsi olduğu deyilir.

“Venesuelada baş verənlər ABŞ-ın açıq müdaxiləsidir. İran Venesuelanın daxili işlərinə istənilən müdaxilənin, o cümlədən, dövlət çevrilişinə cəhd kimi qanunsuz və qeyri-konstitusion addımların əleyhinədir və bu ölkənin hökumətini və xalqını dəstəkləyir. İran ümid edir ki, Venesueladakı daxili siyasi ziddiyyətlər və problemlər tezliklə sülh yolu ilə həll ediləcək” – İran XİN-in sözçüsü Bəhram Qasemi vurğulayıb.

Suriya da öz növbəsində Venesuelada baş verənlərə görə məsuliyyəti ABŞ-ın üzərinə qoyub. Suriya XİN-in yaydığı bəyanatda deyilir ki, Vaşinqtonun bu davranışı beynəlxalq hüququn kobudcasına pozulması və Venesuelanın suverenliyinə qarşı açıq təcavüzdür.

“ABŞ-ın dağıdıcı siyasəti və beynəlxalq hüquqa məhəl qoymaması dünyadakı gərginliyin başlıca səbəbidir. Suriya Venesuela xalqı və bu ölkənin qanuni rəhbərliyi ilə həmrəydir və əmidir ki, Venesuela Amerika təxribatını dəf edə biləcək” – bəyanatda vurğulanır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   Suriya   ABŞ   Venesuela  





Xəbər lenti