Tramp Konqresdəki illik çıxışdan imtina etdi

   Tramp Konqresdəki illik çıxışdan imtina etdi
  24 Yanvar 2019    Oxunub:2552
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, “şatdaun” prosesi bitməyənədək, “Ölkənin vəziyyəti” haqqında Konqresdəki illik müraciətini təxirə salacaq.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Tramp Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin prezidentin çıxış planlarına maneə yaradacağı ilə bağlı bəyanatına cavab olaraq "Tvitter"də yazıb.

“Bu, onun müstəsna imtiyazıdır... mən də “Ölkənin vəziyyəti” haqqında müraciəti şatdaun bitəndən sonra edəcəyəm. “Ölkənin vəziyyəti” haqqında çıxış üçün alternativ məkan axtarmıram, çünki Nümayəndələr Palatasının tarixi, ənənəsi və əhəmiyyəti ilə yarışa biləcək heç bir məkan yoxdur. Yaxın gələcəkdə “Ölkənin vəziyyəti” haqqında “təntənəli” çıxış etməyi səbirsizliklə gözləyirəm”, - deyə Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidentləri ildə bir dəfə "Ölkənin vəziyyəti" haqqında Konqresə ənənəvi müraciətlə çıxış edirlər. Bu çıxışlarında prezidentlər ölkədəki vəziyyətlə bağlı qiymətləndirmə aparır və gələcək qanunverici təşəbbüsləri barədə məlumat verirlər. Bir qayda olaraq, ABŞ prezidentləri Konqresə illik müraciəti yanvar ayında edirlər. Lakin “şatdaun” prosesinə görə, Tramp müraciətini təxirə salacağını deyib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Konqress   ABŞ  





Xəbər lenti