Paşinyan Əliyevlə görüşdən əvvəl Petrosyandan məsləhət alıb - VİDEO

Paşinyan Əliyevlə görüşdən əvvəl Petrosyandan məsləhət alıb -  VİDEO
  25 Yanvar 2019    Oxunub:7431
Erməni KİV-ləri iddia edir ki, Davos Dünya İqtisadi Forumu çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında baş tutan 1,5 saatlıq qeyri-rəsmi görüş əvvəlcədən planlaşdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu həftə Ermənistan və Azərbaycan liderləri arasında sayca 3-cü qeyri-rəsmi görüşün baş tutması erməni cəmiyyətində ajiotaja səbəb olub. Lakin diplomatik mənbələr iddia ediblər ki, Davos görüşü qabaqcadan planlaşdırılıb. Həmçinin, Azərbaycan lideri ilə danışıqlara başlamazdan öncə Paşinyan özünün başlıca “kuratoru” olan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyandan məsləhət istəyib.



“Etibarlı mənbələrimizin sözlərinə görə, Davos görüşünün detalları 16 yanvarda Parisdə xarici işlər nazirləri səviyyəsində keçirilən 4 saatlıq görüşdə müzakirə edilib. Yeri gəlmişkən, onu da qeyd edək ki, Əliyevlə görüşdən əvvəl Paşinyan Levon Ter-Petrosyanla məsləhətləşib. Görüş üçün otağa girməzdən bir neçə dəqiqə qabaq Paşinyan telefonda kiminləsə həvəslə danışırdı və gülümsəyirdi. Gəzən söz-söhbətlərə əsasən, Paşinyan telefonda Levon Ter-Petrosyanla danışıb və ondan məsləhət alıb”, – deyə qəzet yazıb.

Qeyd edək ki, Petrosyan dəfələrlə bəyan edib ki, danışıqlar prosesində irəli sürülən nizamlanma sənədlərinə uyğun olaraq Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır. Onun fikrincə, əgər Ermənistan bunu könüllü şəkildə etməsə, onda bu torpaqlar sanksiyalarla alınacaq. Bu isə Ermənistana zərərdən başqa bir şey gətirməyəcək. Petrosyan həmçinin, Ermənistan rəhbərliyinin cəmiyyəti bu cür qərarlara hazırlamasının vacib olduğunu deyir. Bu mənada, erməni ekspertlər İlham Əliyevlə görüşdən əvvəl Paşinyanın Levon Ter-Petrosyanla məsləhətləşməsinin İrəvan üçün olduqca təhlükəli nəticələrə gətirib çıxaracağından ehtiyat edirlər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti