Kraliça “Brexit” qalmaqalına son qoymağa çağırdı

Kraliça “Brexit” qalmaqalına son qoymağa çağırdı
  25 Yanvar 2019    Oxunub:1923
Böyük Britaniyanın 92 yaşlı kraliçası II Yelizaveta uzun müddətdir ki, “Brexit” məsələsinə görə ölkə qanunvericiləri ilə hökumət arasında davam edən qalmaqalla bağlı “şifrəli mesaj” göndərməyə məcbur olub.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Britaniya kraliçası Norfolkdakı Qadınlar İnstitutunda çıxışı zamanı “Brexit” ifadəsini işlətməsə də, sətiraltı olaraq parlamentariləri yaranmış “Brexit” böhranını həll etmək istiqamətində ortaq məxrəcə gəlməyə səsləyib.

“Hər bir nəsil yeni çağırışlar və imkanlarla üzləşir. Müasir dövrümüzdə yeni cavablar axtarışında olduğumuz bir zamanda, mən sınaqdan çıxmış üsullara üstünlük verirəm. Məsələn, bir-birimiz barəsində yaxşı danışmaq və fərqli düşüncələrə hörmətlə yanaşmaq, ortaq məxrəc tapmaq üçün birləşmək və heç vaxt daha böyük mənzərəyə baxışı itirməmək kimi” – II Yelizaveta vurğulayıb.

Qeyd edək ki, Britaniyada simvolik funksiyalar daşıyan, siyasətə qarışmayan və ölkənin taleyilə bağlı proseslərdə səsvermə hüququ olmayan bir fiqur kimi kraliça neytral mövqe sərgiləməyə məcburdur. Lakin buna baxmayaraq, kraliça II Yelizaveta bəzi taleyüklü məsələlərdə ya üstüörtülü, ya da birbaşa şəkildə xalqa müraciət edib. Şotlandiya 2014-cü ildə müstəqillik referendumuna gedərkən o, şotlandiyalılardan öz gələcəkləri barəsində ciddi düşünməyi xahiş etmişdi.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Britaniya  





Xəbər lenti