“Əliyevlə görüşün bütün detallarını açıqlaya bilmərəm” - Paşinyan

  25 Yanvar 2019    Oxunub : 1728
 “Əliyevlə görüşün bütün detallarını açıqlaya bilmərəm” - Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə 1,5 saatlıq qeyri-rəsmi görüşü barədə yenidən bəzi detalları açıqlayıb.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Moskvada keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandıran Paşinyan Əliyevlə danışıqlarının hansısa konkret yekun nəticəyə hesablanmadığını deyib.
“Heç bir yekun nəticə yoxdur. Bu, sadəcə söhbət idi. Nə Əliyev, nə də mən hansısa nəticə gözləyirik. Biz sadəcə söhbət etdik. Əlbəttə ki, biz Qarabağı müzakirə etdik, amma bu, rəsmi danışıqlar deyil. Biz sadəcə bu problemə özümüzün və xalqlarımızın necə yanaşdığı barədə söhbət etdik”, – Paşinyan vurğulayıb.

Jurnalistlərin “Əliyevlə söhbətdə ərazilərin qaytarılması və Xankəndinin danışıqlar prosesinə cəlb olunması məsələlərini də müzakirə etdinizmi?” sualına Paşinyanın cavabı belə olub: “Bütün söhbət mənim ictimai bəyanatlarım çərçivəsində oldu. Etik olmadığı üçün mən müzakirələrin bütün detallarını açıqlaya bilmərəm”.

Azərbaycan prezidenti İlham Əliyevlə nə zaman rəsmi görüş keçirəcəyinə gəlincə, Paşinyan bildirib ki, hazırda hər iki ölkənin XİN rəhbərləri bu istiqamətdə danışıqlar aparırlar. Lakin hələ ki, konkret razılıq yoxdur.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Paşinyan   Davos   Qarabağ