Trampla Kimin ikinci görüşünün yeri açıqlandı

  29 Yanvar 2019    Oxunub : 740
 Trampla Kimin ikinci görüşünün yeri açıqlandı
Vaşinqton və Pxenyan fevralın sonunda Vyetnamın Dananq şəhərində sayca ikinci ABŞ-Şimali Koreya sammitinin keçirilməsi barədə razılığa gəliblər.
Azvision.az xəbər verir ki, bu barədə “Kommersant” sammitə hazırlıq işləri görən mənbələrinə istinadən məlumat yayıb. Lakin ABŞ prezidenti Donald Trampla Pxenyandakı həmkarı Kim Çen Inın fevralın sonu konkret olaraq ayın neçəsində görüşəcəkləri açıqlanmır.

Bundan əvvəl Ağ Ev də ikinci Tramp-Kim Çen In sammitinin fevralda keçiriləcəyini bəyan etmişdi. Lakin dəqiq tarix bildirilməmişdi. II ABŞ-Şimali Koreya sammitinin keçiriləcəyi məkan kimi isə Tailand və Vyetnam nəzərdən keçirilirdi.

Qeyd edək ki, ABŞ və Şimali Koreya liderləri arasında ilk tarixi sammit 2018-ci ilin 12 iyununda Sinqapurda keçirilib. Sammit tərəflər arasında yekun sənədin imzalanması ilə başa çatıb. Trampla Kim Çen In sammit çərçivəsində bəyan ediblər ki, bundan sonra ABŞ-la Şimali Koreya arasındakı münasibətlər əvvəlkindən daha fərqli olacaq və sammitin nəticələri tezliklə müsbət nəticələrini verəcək. Pxenyan tam nüvəsizləşməyə dair, Vaşinqton isə bunun əvəzində Şimali Koreyanın təhlükəsziliyinə zamənat verəcəyilə bağlı öhdəlik götürüb.

Sinqapur sammitindən sonra ABŞ dövlət katibi Mayk Pompeo bəyan etmişdi ki, Vaşinqton nüvəsizləşmə prosesinin bütövlükdə 2-2,5 ilə - Donald Trampın prezidentlik müddətinin sonunədək yekunlaşacağına ümid edir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: ŞimaliKoreya   Vyetnam   ABŞ