Silahlı Qüvvələrin mobil səhra hospitalları - FOTO

Silahlı Qüvvələrin mobil səhra hospitalları - FOTO
  12 Noyabr 2013    Oxunub:1231
Azərbaycan Silahlı Qüvvələri üçün mobil səhra hospitalları.
“Turmaks” şirkətinin Azərbaycan Silahlı Qüvvələrinə çatdırdığı iki səhra hospitalının fotoşəkilləri təqdim edilib.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, mobil hospitallarının dizaynı və istehsalı sahəsində ixtisaslaşmış “Turmaks” şirkəti iyun ayında Azərbaycan Silahlı Qüvvələrinə iki səhra hospitalının çatdırılmasını tamamlayıb.

Bu hospitallar istənilən əməliyyat ərazisinə daşına və qısa müddətdə qurularaq işlək vəziyyətə gətirilə bilir. On ildir mobil hospitalların və açılıb-yığılan konteynerlərin istehsalı sahəsində fəaliyyət göstərdiyini deyən “Turmaks” şirkətinin sədr müavini İlkər Hunərin sözlərinə görə, onların təqdim etdiyi hospitalların özəlliyi konteynerlərdir: “Konteynerlər işlərimizin təməl hissəsindədir. Hazırda dünyada bu işlə məşğul olan 3-4 firma var. Açılıb-yığılan konteynerlərdə öz dizaynımız mövcuddur, daha doğrusu, biz burada nou-hau yaratmışıq. Çadırları hər yerdən əldə etmək mümkündür. Konteyner isə obrazlı şəkildə desək, bu işin qəlbidir. “Turmaks” olaraq biz konteynerlər sahəsində xüsusi araşdırmalar aparırıq. Örnək olaraq deyə bilərəm ki, BMT-yə verdiyimiz konteynerlər ilə Azərbaycana verdiyimiz konteynerlər arasında çox fərq var. Sonuncular daha təkmilləşdirilib".

Şirkət nümayəndəsi konteyner istehsalından sonra əsas işin sistemin inteqrasiyası olduğunu deyib: “Bir yerdən çadırın, digər yerdən konteynerin alınıb bir yerə yığılması ilə iş bitmiş hesab olunmur. Bunun içindəki avadanlıqlar da var. Sistem inteqrasiyası konteyner, çadır, içindəki medikal avadanlıqların, eləcə də generatorun, kondisionerin hamısının sistemləşdirilməsi və bir araya gətirilməsidir. Bildirmək istəyirəm ki, bizim istehsal etdiyimiz konteynerlər tək hospital kimi deyil, uzaq dağlıq və çöllük ərazilərə helikopterlərlə götürülüb müvəqqəti yaşama yeri, komanda-qərargah mərkəzi və s. kimi də istifadə oluna bilər”.

Azərbaycan Müdafiə Nazirliyi ilə görüşmələrə 3 il yarım əvvəl başlanıb. Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda təqdimat keçirilib, eyni zamanda Azərbaycan tərəfi Türkiyədə şirkətin istehsal prosesi ilə tanış olub. Bundan sonra Azərbaycan tərəfinin istəyi nəzərə alınmaqla yeni modelin dizaynı hazırlanıb. İl yarım davam edən müzakirələrin nəticəsində tərəflər arasında 2 ədəd mobil səhra hospitalının alqı-satqısına dair 13 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb. Müqavilə çərçivəsində iki hospitalın 10 ay içində sifarişçiyə çatdırılması nəzərdə tutulsa da, “Turmaks” işləri 6 ay ərzində həyata keçirərək iyun ayının birinci yarısında müqaviləni yerinə yetirib. Həmçinin bu hospitalları istifadə edəcək heyətə təlimlər verilib.

Hər bir hospitalda 36 yataq, 8 ədəd reanimasiya yatağı, 12 ədəd müayinə masası və 4 əməliyyat masası mövcuddur. Ümumilikdə iki mobil hospitalın yataq sayı 120 çarpayıdır. Hospitalın içində çeşidləmə bölməsi, komanda-idarəetmə və rabitə bölməsi, diaqnostika bölməsi, əməliyyat bölməsi, reanimasiya və hospital bölmələri mövcuddur. Bir çadır kompleksinin tutduğu ərazi 2500 kvadratmetrdir. Azərbaycan üçün hospital dizayn olunarkən yerli şərait öyrənilib və nəzərə alınıb. Çadırların içərisində istifadə olunan ləvazimatlar da sifarişçi ilə razılaşdırılıb.


Teqlər:  





Xəbər lenti