ABŞ-da dörd şirkəti olan azərbaycanlı iş adamı

 ABŞ-da dörd şirkəti olan azərbaycanlı iş adamı
  09 Fevral 2019    Oxunub:35969
Deyir ki, "Müstəqil Azərbaycanın yolunda hər nəyim varsa qurban verməyə hazıram. 195 ölkənin arasında xalqımın da müstəqil dövlətinin olmasından qürur duyuram, fəxr edirəm"
İyirmi beş ildir ki, ABŞ-da yaşayır. Ötən bu müddətdə elə bir gün olmayıb ki, hansısa azərbaycanlıya əl tutmasın, kömək etməsin. İnşaat üzrə ali təhsili var, ixtisasca memardır. "Şimali Kaliforniyanın Azərbaycan Mədəniyyəti Cəmiyyəti"nin sədridir. Bu təşkilat dünyanın harasından gəlməsinə fərq qoymadan bütün azərbaycanlıları ətrafında birləşdirə bilən bir qurumdur. O qədər soydaşımıza dəstək olublar ki, sayı-hesabı çoxdan itib.

Amerikada Azərbaycanla bağlı cəmiyyətlər çoxdur, heç kimin xətrinə dəymək istəmirəm, "Şimali Kaliforniyanın Azərbaycan Mədəniyyəti Cəmiyyəti" qədər iş görən təşkilat isə burada çox azdır. Daha doğrusu, bu cəmiyyətlərin arasında ən öndə olanlardan biridir. Elə bir milli bayramımız olmayıb ki, qeyd olunmasın. Müstəqillik gününü, Ana dili gününü, 8 Mart beynəlxalq qadınlar bayramını xüsusi qeyd edirlər. "Təşkilatın ildönümü" kimi özəl bayram da bu sıradadır. Hər il yay aylarında azərbaycanlı ailələrdən ibarət üç günlük kempinq təşkil edib, meşədə çadır düşərgəsi salırlar. Ailələr burada Azərbaycandan dəvət olunan və ya yerli müğənnilərin ifalarını dinləyir, filmlərə tamaşa edirlər. Və yarışlar, müsabiqələr keçirib əylənirlər. Bütün bunlardan əlavə rəqs, kompüter dərnəkləri, ingilis dili, azərbaycan dili kursları da yaradıblar

Bu tədbirlərin həyata keçirilməsində bir sıra soydaşımızın xidməti olsa da, cəmiyyət sədri kimi ən böyük təşkilatçı, haqqında söhbət açdığım Həmid Azəridir. Onu Azərbaycanda tanıyanlar az deyil. Elə bir gün olmur ki, ölkəmizdən kimsə şəxsi problemi ilə bağlı ona zəng edib, dəstək istəməsin. Çox adamlara əl tutub- statusundan asılı olmayaraq, ABŞ-a təzə gələnlərə arxa-dayaq olub, onların evlə, işlə təmin olunmasına, hüquqi yardım almasına kömək edib, şərait yaradıb…

Deyir: "Kim hansı məqsədlə gəlirsə gəlsin, amma xahiş edirəm, əvvəlcədən xəbər eləsinlər. Heç nədən çəkinməsinlər. Nə qədər ki, varıq, soydaşlarımızın xidmətində müntəzirik. Saytımızı da qeyd etməyi unutmayın- www.acsnc.org"

Çox müdrik, savadlı, istiqanlı, ciddi və ürəyi yumşaq insandır, Həmid Azəri. Azərbaycan ədəbiyyatını, şair və yazıçılarımızın həyat və yaradıcılığını dərindən bilir. Bütöv Azərbaycan sevdalısıdır, söyləyir ki, o taylı, bu tayli millətimin hər bir nümayəndəsi mənə doğmadır, əzizdir.

ABŞ-da yaşayan azərbaycanlılar arasında ən böyük iş adamlarından biri də odur. Dörd şirkəti var. Həmin şirkətlərdə yüzlərlə adam çalışır. Bu şirkətlər müxtəlif sahələrə aiddir- bunlardan biri fərdi evlərin, inzibati binaların, sənaye obyektlərinin işıqlandırılması ilə məşğul olursa, digəri təbii bitkilərdən hazırlanmış kosmetik vasitələrin satışını təşkil edir. Daha başqası hüquqi xidmət göstərir, sonuncusu isə ticarət şirkətidir. Onalrın bəzilərinin Avropada da nümayəndəlikləri var.

Arzuları çoxdur: "Ən böyük arzum, Azərbaycandan çoxlu gənclər gətirib, burada yüksək təhsil verməkdir. İstəyirəm ki, ABŞ-ın idarəetmə strukturlarında bizimkilərdən də olsun. Bunun üçün burada zəngin şərait var. ABŞ-da milli mənsubiyyət rol oynamır, savad, bacarıq əsas amildir".

Ayrılarkən, şəklini istədim. Söylədi ki, tək şəkilim demək olar, yoxdur və bu şəkili verərək dedi: "Ooy, məni hər kəs xalqımın arasında görsün".

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: ABŞ   Azərbaycanlı  





Xəbər lenti