Sədaqət Vəliyevadan büdcəyə müsbət rəy

Sədaqət Vəliyevadan büdcəyə müsbət rəy
  14 Noyabr 2013    Oxunub:1174
"2014-cü ilin büdcəsi ümumi mənada investisiya tutumludur, sosial yönümlüdür və dayanıqlı sosial-iqtisadi inkişafa zəmin yaradır. Büdcə layihəsinin təhlili onu göstərir ki, 2014-cü ilin büdcə layihəsinin əsas konseptual məzmunu respublikamızın sosial-iqtisadi inkişaf göstəriciləri və ümumi daxili məhsulun artım dinamikasının davamlılığını, ölkəmizin maliyyə sabitliyi və artım tempi ilə irəlilədiyini şərtləndirir".

AzVision.az-ın məlumatına görə, bunu millət vəkili Sədaqət Vəliyeva parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.

Millət vəkili vurğulayıb ki, 2014-cü ilin iqtisadi ssenariləri ilə yanaşı, mövcud maliyyə resursları və dövlət büdcəsi bütün sosial və iqtisadi hədəflərə çatmağa imkan verir:

"Ölkəmizin qarşıdakı 3 ilə dair sosial-iqtisadi inkişaf proqnozları ilə bağlı makroiqtisadi göstəricilər də perspektiv uğurlardan xəbər verir. Yeni ilin dövlət büdcəsi isə respublikamızın inkişaf strategiyasını əks etdirməklə, mühüm iqtisadi və sosial prioritetlərin reallaşmasına əhəmiyyətli dərəcədə baza yaradır. Çünki, büdcə layihəsi ölkəmizin sosial, iqtisadi, investisiya bölmələrində əhatəli və davamlı layihələrin həyata keçirilməsini nəzərdə tutan güclü maliyyə resurslarına söykənir.

Gələn ilin büdcəsinin başlıca istiqamətləri ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri özündə əks etdirəcək. Aydın görünür ki, strateji inkişaf xəttinə və ölkədə yaranmış makroiqtisadi mühitə uyğun olaraq, dövlət büdcəsi gəlirlərinin stabilləşdirilməsinə, qeyri-neft sektorundan və digər real mənbələrdən büdcəyə əlavə daxilolmaların müəyyən edilməsinə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsinə, onların gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsinə, dövlətin müdafiə potensialının artırılmasına, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilir".

Sədaqət Vəliyeva deyib ki, büdcə zərfində əksini tapmış ayırmalara da nəzər saldıqda bir daha görürük ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili durur və sosial rifah dövlətinin qurulması istiqamətində çox ciddi addımlar atılmaqdadır:

"Məsələn, gələn ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 5.3 milyard manat ayrılacaq ki, bu da ümumi büdcənin təxminən, 27 faizi deməkdir. Ayrılan vəsait 2013-cü illə müqayisədə 299 milyon manat və ya 6 faiz çoxdur. Gələn ilin büdcə layihəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün ayrılan vəsait isə bu illə müqayisədə təxminən, 476 milyon manat və ya 11 faiz çoxdur. Ümumilikdə sözügedən sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsinin xərclərinin tərkibində xüsusi çəkisi 24 faiz təşkil edəcək ki, bu da 2013-cü illə müqayisədə 2,2 faiz çoxdur. Bununla yanaşı, büdcəsinin layihəsinə əsasən, səhiyyə xərclərinə 725 milyon manat ayrılması nəzərdə tutulub ki, bu da 2013-cü illə müqayisədə 56 milyon manat, yaxud 8 faiz çoxdur.

Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 3 milyard manata yaxın, 2014-cü il üçün yaşayış minimumunun ölkə üzrə 125, əmək qabiliyyətli əhali üçün 136, pensiyaçılar və uşaqlar üçün 103 manat, həmçinin, gələn il üçün ehtiyac meyarının 100 manat müəyyənləşdirilməsi sosial məsələlərə ayrılan diqqətdən xəbər verir. Bununla yanaşı, 2014-cü ilin büdcəsində ipoteka kreditləşməsinə 40 milyon manatın ayrılması gənclərə olan diqqəti də bir daha ortaya qoyur. Bütün bunlar bir daha göstərir ki, dövlət həqiqi surətdə neftdən gələn gəlirləri insan kapitalına çevirir və ümumilikdə cəmiyyətdə sosial gümrahlıq formalaşdırır. Nəzərə alsaq ki, bu gün dünyanın ən inkişaf etmiş dövlətlərində sosial-iqtisadi böhran baş verir və xüsusilə də, sosial ayırmalar azaldılır. Amma Azərbaycanda sosial sahəyə diqqət hər gün artır və maliyyələşmə yüksək səviyyədə təmin edilir".

Sədaqət Vəliyeva sonda qeyd edib ki, 2014-cü ilin büdcəsi iqtisadiyyatın sosial məzmununu və investisiyayönümlülüyünü əhatə etməklə sosial-iqtisadi inkişaf, yüksək rifah, ölkəmizin müdafiə qabiliyyətinin artırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, sahibkarlığın inkişafına dəstək verilməsi və digər planlar üçün mühüm maliyyə bazası yaradacaq.


Teqlər:  





Xəbər lenti