Jurnalistlərin Aşura qeydləri: “O qanın İmamlara nə xeyri?..”

  14 Noyabr 2013    Oxunub : 890
Jurnalistlərin Aşura qeydləri: “O qanın İmamlara nə xeyri?..”
Bu gün Aşura günüdür. Dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar bu gün yad edilir.

Kimi məscidlərə gedib nəzir verir, kimi ehsan paylayır, kimi də zəncir vurub qan axaraq onları anırlar.

Artıq neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsi aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırıb.

Buna baxmayaraq, hələ də, məscidlərdə zəncir vurmaqla İmam Hüseyn eşqini göstərməyə çalışanlar var.

Bəs görəsən jurnalistlərimizin Aşura günü zəncirlə özünü döyənlərə münasibəti necədir?

“O qandan kiməsə xeyir gəlməz”



Jurnalist Elgün Mənsimov Aşura günündə qeyri-təbii yolla qan çıxarmağın əleyhinə olduğunu deyir:

“Bir neçə ildir ki, müxtəlif yerlərdə təşkil olunan aşura mərasimlərini izləyirəm. Gördüyüm mənzərə həqiqətən məni çox məyus edir. Müşahidələrim göstərir ki, məscidlərdə özünü döyən, bədənindən qan çıxaranların bəziləri nə üçün bu hərəkəti etdiklərini anlamırlar. Məsələn, şəxsən şahidi olmuşam ki, orta məktəb şagirdinə zəncir verib özünü döydürürlər. Canına-cəsədinə baxanda bilmirsən yazığın gəlsin, yaxud heyfslənəsən. Sual olunur, bu uşağı nə üçün döydürürsüz, yaxud onun günahı nədir ki, başını, qolunu yarıb qan çıxarırsınız. Elə insanlar da var ki, ilin 364 günü yeyib-içir, imamlarımız heç ağlının ucundan belə keçmir. 365-ci gün aşura olduğunu eşidib, bəlkə də ümumi küyə düşüb başlayırlar imamlara yas tutmağa. Bu halların qarşısını almaq üçün aidiyyati qurumlar tərəfindən qanvermə aksiyaları keçirilir. Çox təqdirəlayiq haldır. Çünki başını yarıb çıxardığın qandan kiməsə xeyir gəlməz, əksinə Allahın sənə əmanət etdiyi canı incidirsən, günaha batırsan. Əgər bu şəxslər savab iş gördüklərini və Allah yolunda belə etdiklərini düşünürlərsə, bu yanlış yanaşmadır. Hesab edirəm ki, bunun doğru tərəflərini insanlara aşılamaq lazımdır. Maarifləndirməni gücləndirmək, təbliğat aparmaq gərəkdir. Bu məsələdə mətbuatın, televiziyanın, din xadimlərimizin üzərinə böyük yük düşür. Gəlin görək, o yük lazımınca daşınırmı?!”.

“İmam Hüseyn qan çıxartmaqla yad olunmamalıdır”



Müstəqil jurnalist Elnur Eltürk qeyd edir ki, islamda özünə xəsarət toxundurmaq günah sayılır:
“Bu yolla haqqa getmək mümkün deyil. Bu gün təəəssüf ki, müqəddəs Məhərrəmlik ayında belə hallarla rastlaşırıq və yayılan şəkillər və görüntülərdə bu halları görürük. İmam Hüseyini anmaq və onu sevmək, zəncir vurmaqla, qan çıxartmaqla yad olunmamalıdır. İmam Hüseyin hadisəsi haqq və ədalətin, zülmə qarşı bir dirəniş hərəkatıdır. Bu hadisələrin fəlsəfi mahiyyəti insanlara çatdırılmalıdır. Bu zaman əsl hadisələrin mahiyyəti ortaya çıxacaq. Onu da qeyd edim ki, əvvəllər zəncir vurmaq, qan çıxartmaq kimi hadisələr çox olurdu. Hesab edirəm ki, insanlar maarifləndikcə, bu vərdişlərdən əl çəkməyə başladılar”.

“Zəncirlə döysəydim, özümü mazaxist hiss edərdim”.



ATV-nin müxbiri Səbuhi Turançının fikrincə, kim necə istəyirsə, həyatını da eləcə yaşayır.

“Onlar zəncir vurmaqla, özlərini mənəvi cəhətdən rahat hiss edirlərsə, qoy zəncir vursunlar. Mənim dini savadım çox kasaddı. Hazırda özümü zəncirlə döysəydim, şüurumun altında özümü mazaxist kimi hiss edərdim”.

“Kiməsə çörək verirsən”



Qafqazinfo” xəbər portalının müxbiri Günel Əbilova zəncir vuranlara münasibətinin pis olduğunu deyir:

“Bir neçə il əvvəl zəncir vurmaların şahidi olsam da, indi sevinirəm ki, qanvermə aksiyası ilə əvəzlənib.
Bu ayda ehsan vermək ənənəsi gözəldir. Kiməsə çörək verirsən”.

“1300 il əvvəl yaşamış bir insana görə ağrı hiss etmək mümkün deyil”



“Milli.az” xəbər portalının müxbiri Teymur Hacıyev Aşura günündə insanların özlərinə zülm verməsini qəbul edə bilmir

“Mənim bildiyim qədər İslam dini də buna qarşı çıxır. İnsanlar zəncir vurmaqla onu göstərməyə çalışırlar ki, imamların şəhid olmasının ağrısını ürəklərində hiss edirlər. O ağrını yaşayırlar. Amma bu cür yanaşmanın səmimiliyi də inandırıcı görünmür. Çünki, bir insan heç vaxt şəxsən tanımadığı, 1300 il əvvəl yaşamış bir insanın ölümünə görə ürəyində ağrı hiss etməsi mümkün deyil. Sadəcə İslam dininə xidmət etmiş insanların xatirəsini anmaq olar. Ancaq, zəncir vurmaq və baş yarmaq sivil cəmiyyətdə yaşayan insanlara xas olan cəhət deyil”.

“Müsəlman həmişə mübarizə aparmalıdır”



Müstəqil jurnalist Murad Əliyev Aşura günü zәncir vurub, özünә fiziki işgәncә vermәyi başa düşmədiyini deyir:
“İl әrzindә hәr bir müsәlmana şücaәt göstәrmәk üçün kifayәt qәdәr şans düşür. Tәkcə Aşura günü deyil bütün günlәrdә müsәlmanlar haqq yolunda mübarizә aparmalıdır. Cәbhә xәttinә gedib, orada xidmәt edәnlәrә nәzәr yetirsәk, bunun bir daha şahidi olarıq”.


“Zəncir vuranlara pis baxıram”



“Cumhuriyyət.info”nun müxbiri Elkin Xəlilov bu mərasimlərin hələ də belə izdihamlı keçirilməsinin düzgün olmadığını söyləyir:
“Tarixi hadisələri tarixçilərin öhdəsinə buraxmaq lazımdır. Kimsə maraqlanarsa, bu başqa məsələ. Amma hər yerdə aşura mərasiminin keçirilməsi, zəncir vurulması düzgün deyil. İnsanların psixologiyasına ziyandır. Bunun yerinə başqa işlər görmək olar. Məsələn qan vermək, maddi yardım kimlərəsə etmək və s.”.


“Bir Allah bilir, nəzirlər kimin cibinə gedir”



“AzNews.az” saytının müxbiri Bahar Rüstəmlisoruşur ki, indi hansı zəmanədir?
“Əlinə qara lent bağlayanlara lap acığım tutur. Sən Allaha inan, nə istəyirsənsə ondan istə...
Allah yaratdığı bəndəni darda qoymaz. Nəzir filan vermək də yaxşı deyil. Yəni kasıbın əlindən tutmaq savabdır. Amma orada bu gün yığılan pul bir Allah bilir kimin cibinə gedir”.

“O qanın imamlara xeyri yoxdur”



“Publika.az” saytının müxbiri Günel Musa deyir ki, Allah özünə zülm edənləri sevmir.
“Aşurada zəncir vurub özlərinin qanını tökənlərin imamlara heç bir xeyiri yoxdu. Onun əvəzinə gedib dua oxusunlar ya da qanlarını yerə axıdınca elə gedib qan versinlər”.


“Yas saxlamaq üçün zəncirə ehtiyac varmı?”



“Sportal.az” saytının müxbiri Elsevər Məmmədov uşaqlıqda zəncir vuranları görən zaman onda həvəs yarandığını deyir:

“Böyüklər zəncir vururdu və bütün uşaqlar da ətraflarına yığışırdı. Amma mənə indi də çatmır ki, biz onlara baxırdıq sadəcə bir maraq üçün biz də zəncir vurmaq istəyirdik. Amma uşağıq deyə heç kim bizə zəncir vermirdi. Mənə çatmayan odur ki, biz uşaq idik deyə ağlımıza girmirdi, bu böyüklər nə üçün zəncir vururdular, yas saxlamaq üçün zəncirə ehtiyac varmı?”

Mirvari Nəcəf

Teqlər: