ÜDM 5,7 faiz artıb

ÜDM 5,7 faiz artıb
  15 Noyabr 2013    Oxunub:1403
2013-cü ilin on ayı ərzində Azərbaycanda istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) həcmi keçən ilin eyni dövrünə nisbətən 5,7 faiz artaraq 47,6 milyard manata çatıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumi daxili məhsulun 64,1 faizi istehsal sahələrinin, 29,6 faizi isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,3 faizini təşkil edib.

Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,0 faiz, qeyri-neft sektorunda isə 9,8 faiz artıb.

Ümumi daxili məhsulun həcmində yaradılmış əlavə dəyərin 46,3 faizi sənayenin, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 12,1 faizi tikintinin, 7,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsinin, 5,2 faizi nəqliyyat və anbar təsərrüfatının, 2,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 1,7 faizi informasiya və rabitə xidmətlərinin, 13,3 faizi isə sosial və digər xidmətlər sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların payına düşüb.

Cari ilin on ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 25,2 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 17,9 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,7 faiz, informasiya və rabitə xidmətlərində 8,5 faiz, nəqliyyat və anbar təsərrüfatında 5,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,7 faiz, sosial və digər xidmət sahələrində 3,8 faiz artıb.


Teqlər:





Xəbər lenti