“Ermənistan istəyir ki, İsrail Azərbaycana silah satmasın” - Ovannisyan
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Qriqor Ovannisyan “The Jerusalem Post”a müsahibəsində deyib.
Bununla belə, Ovannisyan bildirib ki, İrəvan bu tələbi İsraillə münasibətlərin yaxşılaşdırılması istiqamətində şərt kimi qoymur və “Ermənistan da İsrailin müdafiə sferası ilə əməkdaşlıq imkanlarını istisna etmir”.
Ermənistan xarici işlər nazirinin müavini əlavə edib ki, ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq üçün İrəvan İsraildə öz səfirliyini açmağı nəzərdən keçirir.
Erməni KİV-ləri yazır ki, bu çıxışı ilə Ovannisyan Ermənistanın silah almaq üçün maddi imkanının məhdud olduğunu və elə buna görə də, yalnız Rusiyanın “güzəştli kreditlə” verdiyi hərbi texnikaya möhtac olduğunu etiraf edib. Həmçinin vurğulanır ki, istədiyi vaxt istənilən ölkədən silah almaq imkanına və sərbəstlyinə malik olan Azərbaycandan fərqli olaraq, Ermənistanda dövlət vəsaitlərinin əsasən hərbi sahəyə yönəldilməsi büdcədən sosial sferaya maliyyə ayırmalarını kəskin şəkildə azalda və sonda böyük ictimai narazılıqla nəticələnə bilər.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Azərbaycan Ermənistan İsrail