Ziya Məmmədov zəmanət verdi - FOTO

Ziya Məmmədov zəmanət verdi - FOTO
  16 Noyabr 2013    Oxunub:2215
Ziya Məmmədov: Çin Bakı-Tbilisi-Qars dəmir yolu üzrə yüklərə zəmanət verib.
Çinin Dəmir Yol Nəqliyyatı Nazirliyi Bakı-Tbilisi-Qars dəmir yolu magistralı üzrə 10 milyon ton yükün nəqlinə zəmanət verib. AzVision.az xəbər verir ki, bunu cümə axşamı Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov polşalı həmkarı Slavimir Novakla görüşündə deyib.

Onun sözlərinə görə, dəmir yol magistralı istismara verildikdən sonra ilk beş ildə yükdaşımaların həcmi ildə 5 milyon ton təşkil edəcək, sonrakı illərdə isə bu rəqəm ildə 15 milyon tona çatdırılacaq.

Z.Məmmədov qeyd edib ki, yeni Avrasiya nəqliyyat dəhlizi 2015-ci ilin əvvəlində istismara veriləcək: "Hazırda Gürcüstan ərazisində uzunluğu 26,5 kilometr olan yeni dəmir yolunun salınması və 153 kilometrlik köhnə dəmir yolunun modernləşdirilməsi üzrə işlər aparılır. Türkiyə ərazisində xəttin uzunluğu 76 kilometr olacaq və onun ümumi uzunluğunun üçdə ikisi tunellərin payına düşür və tikinti işləri 2014-cü ilin sonuna başa çatacaq".

Nazir bildirib ki, bu layihə regional çərçivədən çıxaraq beynəlxalq xarakter alıb: "Bakı-Tbilisi-Qars magistralı üzrə Asiya və Avropa ölkələrindən yüklər tədarük ediləcək".

Z.Məmmədov deyib ki, Qazaxıstan ilə layihəyə qoşulmaq haqqında rəsmi razılıq əldə edilib: "Hazırda Qazaxıstan və Çin arasında yeni dəmir yolu xəttinin tikintisi həyata keçirilir. Məlum olduğu kimi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 1 dəmir yol qolundan ibarət olacaq. Xəttin bütün uzunluğu üzrə çeşidləyici stansiyalar tikiləcək. Bununla belə, gələcəkdə yükdaşımaların həcmi artsa, daha iki qolun tikilməsi istisna edilmir".


Teqlər:  





Xəbər lenti