Rəsul Quliyev - Sərdar Cəlaloğlu deyişməsi

Rəsul Quliyev - Sərdar Cəlaloğlu deyişməsi
  16 Noyabr 2013    Oxunub:1627
Rəsul Quliyev Sərdar Cəlaloğluna “çörəyi dizinin üstündə” dedi. “Hətta rus dilini bilməyən, ümumiyyətlə savadı olmayan kimlərinsə Sankt Peterburqda universiteti qurtarmasına köməkliklər etmişəm”…
ACP-nin sabiq lideri Rəsul Quliyev son müsahibələrindən birində ona çoxlu sayda insanların maddi və mənəvi borcunun olduğunu bəyan edib. ACP-dən maliyyə məsələsinə görə uzaqlaşdığı barədə sualı cavablandıran R.Quliyev deyib ki, bu heç bir əsası olmayan iddiadır.

“Mənim həyatım elə qurulub ki, heç kimə heç vaxt nə mənəvi, nə də maddi borcum olmayıb. Ancaq mənə bu iki göstərici üzrə borcu olanların sayı minlərlədir. Və ən əsası mən bunu heç bir qəhrəmanlıq saymıram, fikirləşirəm ki, imkanı olan hər insan bu işləri görməlidir. Borcunu qaytarmaq əvəzinə mənim əleyhimə passiv və ya aktiv çıxanlara qarşı da kin saxlamıram. Çünki həyat bu tipli adamlarla zəngindir, təəccüblənməli bir şey yoxdur.”

Musavat.com saytı isə R.Quliyevin bu açıqlaması ilə bağlı onun keçmiş əqidə yoldaşı Sərdar Cəlaloğlunun fikirlərini öyrənib. Sərdar Cəlaloğlu öncə bildirib ki, şəxsən özünün Rəsul Quliyevə nə maddi, nə mənəvi borcu yoxdur: “Ancaq Rəsul Quliyevin bizim qarşımızda çox böyük mənəvi borcu var. Çünki 10 ildən artıq ADP sıralarında on minlərlə adam küçələrdə mübarizə apardı, döyüldü, həbs olundu, ağır xəsarət alan adamlar oldu, minlərlə ADP-çi ölkəni tərk eləmək məcburiyyətində qaldı. Rəsul Quliyevə görə Azərbaycan parlamentinin 7-8 deputatı həyatlarını, karyeralarını riskdə qoyaraq hakimiyyət partiyasından ADP-yə keçdi. Amma sonda Rəsul Quliyev özündən asılı olan həlledici addımları atmadı. Minlərlə insanın zəhmətini, ümidini yerə vurdu. Rəsul Quliyev özü də yaxşı bilir ki, ADP-nin apardığı işlər müqabilində onun partiyaya göstərdiyi maddi kömək mində bir faiz təşkil edib. Biz partiyanın maliyyələşməsinin böyük hissəsini elə öz şəxsi kanallarımız vasitəsilə, öz daxili imkanlarımızla həyata keçirirdik.”

Bunula belə, S.Cəlaloğlu etiraf edib ki, o dövrlərdə müxalifətin Amerikaya və ya Avropaya bir sıra səfərlərini müəyyən mənada Rəsul Quliyev maliyyələşdirirdi: “Yəni o da bu istiqamətdə müəyyən addımlar atırdı. Təbii ki, bütün bunlar hamısı ümumi işə aid idi. Ona görə burada kiməsə borcdan danışmaq olmaz. Borclu varsa xalqdır, borclu olduğumuz da xalqdır”.

Lakin belə görünür ki, R.Quliyev heç də S.Cəlaloğlu kimi düşünmür. Əksinə, keçmiş dostunun bu fikirləri onun müəyyən qədər qəzəbləndirib də. Belə ki, R.Quliyev Facebook-da yazdığı statusunda ad çəkməsə də S.Cəlaloğlunu “məxluq”, “çörəyi dizinin üstündə olan adam” adlandırıb. Həmin statusu təqdim edirik:

“Mən həyatım boyu müxtəlif keyfiyyətli minlərlə adamlarla ünsiyyətdə olmuşam. Onların içərisində ən zəhləm gedənlər çörəkləri dizinin üstündə olanlardır. 100-lərlə tələbələr oxutdurmuşam. Hətta rus dilini bilməyən, ümumiyyətlə savadı olmayan kimlərinsə Sankt Peterburqda universiteti qurtarmasına köməkliklər etmişəm. Onların 90 faizinin valideynləri və özləri vaxtilə qeyri-mümkünlük şəraitində etdiyim bu köməklikləri ya unudublar ya da bəziləri mənim əleyhimə hədyanlar danışıblar. Adətən belə adamlara cavab verməyi özümə layiq görmürəm və heç vaxt da onlara diqqət ayırmayacağam. Bu yazını yazmaqda məqsədim sizə tövsiyyə verməkdir ki, çörəyi dizinin üstündə olanlara fikir verməyin, özünüzü elə aparın ki, guya belə bir məxluq yoxdur, onda bəlkə bu tipli adamların sayı azaldı.”

AzPolitika.info xatırladır ki, R.Quliyevin bu statusunda Sankt Peterburq şəhərinin adını çəkməsi təsadüfi deyil. 2000-ci illərin əvvəllərində S.Cəlaloğlunun oğlu bu şəhərdə təhsil alıb. Görünür onun təhsil almasında R.Quliyevin maliyyə yardımının rolu olub ki, ona eyham vurur.


Teqlər:





Xəbər lenti