Mehriban Əliyeva və qızları film təqdimatında - FOTOLAR

Mehriban Əliyeva və qızları film təqdimatında - FOTOLAR
  16 Noyabr 2013    Oxunub:2131
Noyabrın 15-də Heydər Əliyev Sarayında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Vayt Media” kino şirkətinin birgə istehsalı olan “Qorxma, mən səninləyəm! 1919” bədii filminin təqdimat mərasimi olub.
Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları - Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Azərbaycanın xalq artisti, Rusiyanın əməkdar incəsənət xadimi, filmin ssenari müəllifi və rejissoru Yuli Qusman təqdimat mərasimində çıxış edərək 30 ildən artıq Moskvada yaşamasına baxmayaraq, doğulub boya-başa çatdığı Bakını heç vaxt unutmadığını, filmin çəkilişlərinin həyata keçirildiyi 6 rayonda yerli əhalinin onları qonaqpərvərliklə qarşıladığını deyib.
“Qorxma, mən səninləyəm” filminin ikinci hissəsinin çəkilməsini çoxdan arzulayan və bu istəyini 30 ildən sonra reallığa çevirdiyini bildirən rejissor yeni ekran əsərinin ərsəyə gəlməsinə verdikləri dəstəyə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Filmin birinci hissəsinin çəkilişindən 32 il ötdüyünü qeyd edən Yuli Qusman bu ekran əsərinin hər iki ölkənin dostluğunu tərənnüm etdiyini bildirib.

Filmdə rol alan tanınmış aktyorları tamaşaçılara təqdim edib.

Daha sonra çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu filmin ərsəyə gəlməsində göstərdiyi köməyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Bu filmə həm Azərbaycanda, həm də Rusiyada böyük marağın olduğunu xüsusi vurğulayan Polad Bülbüloğlu tamaşaçıların ekran əsərinin təqdimatını səbirsizliklə gözlədiklərini, filmin daha da məşhurlaşacağına və uğur qazanacağına ümidvar olduğunu qeyd edib.
Filmin yaradıcı heyəti çəkilişlərə kömək etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildirib.

Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin Sərəncamı ilə Yuli Qusmana verilən “Şöhrət” ordenini rejissora təqdim edib.

Ötən əsrin 80-ci illərində çəkilmiş “Qorxma, mən səninləyəm” bədii filminin davamı kimi ekranlaşdırılan yeni kino əsərinin ssenari müəllifi və rejissoru Yuli Qusman, operatoru Vadim Alisov, quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.

Filmdə, həmçinin tanınmış rusiyalı aktyorlar Lev Durov, Muxtarbek Kantemirov, Mixail Yefremov, Edqar Zapaşnı, Vladimir Dolinskiy, Yuri Kobaladze, eləcə də azərbaycanlı aktyorlar Kristina Güləliyeva, Eldar Qasımov, Həmidə Ömərova, Məbud Məhərrəmov, Teymur Bədəlbəyli, Zaur Şəfiyev, Bəhram Bağırzadə, Nuriyə Əhmədova, Rövşən Əsgərov və başqaları çəkiliblər.
Filmdəki intriqalar daha dramatik və təhlükəlidir. Söhbət yalnız qız qaçırılmasından yox, qara qüvvələrin Azərbaycanda demokratiyaya qarşı üsyanından gedir. Yeni ekran əsərində məşhur bəstəkar-müğənni, xalq artisti Polad Bülbüloğlunun canlandırdığı Teymur obrazı bu dəfə tamaşaçılara həm deputat, həm də böyük bəstəkar kimi təqdim edilib.

Filmdə təhlükəli sərgüzəştlərlə yanaşı, iki gənc qəhrəmanın məhəbbəti də öz əksini tapıb. “Romeo və Cülyetta”da olduğu kimi, onlar da iki düşmən tərəfin övladlarıdır.

Bu ekran əsəri hər bir tamaşaçıda müstəqil Azərbaycanın bugünkü sürətli inkişafı ilə bağlı dolğun təsəvvür yaradır.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti