Prezidentin tapşırığı ilə teatrların vergi problemi həll olunur - VİDEO

Prezidentin tapşırığı ilə teatrların vergi problemi həll olunur -  VİDEO
  15 Mart 2019    Oxunub:5404
"Prezidentlə görüşdən sonra Vergilər Nazirliyinin nümayəndə heyəti teatra gəlib, problemlərimizlə maraqlandı"
Bu barədə Azvision.az-a müsahibəsində Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətov bildirib. Onun sözlərinə görə, ölkə başçısının tapşırığı ilə Azərbaycan teatrlarının ən böyük problemlərindən biri artıq öz həllini tapmaqdadır.



- Martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdü. Siz də həmin görüşdə iştirak edirdiniz. Görüşlə bağlı təəssüratlarını bilmək istərdik.

- Bəli, görüşdə mən də iştirak edirdim. Prezident hamını çox böyük diqqət və səbirlə dinlədi. Bizim təkliflər çox idi, onları dilən gətirən isə Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədr müavini Hacı İsmayılov oldu. O, çox gözəl çıxış etdi, ortaya maraqlı məsələləri qoydu.

Səsləndirilən fikirlərdən biri də teatrlara vergilərin çox olması ilə bağlı idi. Yəni, teatra dövlət tərəfindən maaş verilir, yerdə qalan xərclərlə teatr özünü saxlamalıdır. Bu, çox çətin prosesdir. Doğrudur, biz buna alışmışıq, amma vergilər bizim qazancımızın çoxunu aparır.

Görüşdə bu məsələni qaldırdıq, prezident qeydlər etdi. Artıq bununla bağlı teatra Vergilər Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti gəlmişdi. Problemimizlə maraqlandılar və biz də dərdimizi onlara dedik. Bu, Azərbaycanda olan bütün teatr və konsert müəssisələrinə aid prosesdir. Hazırda vergilərin tənzimlənməsi ilə bağlı proses başlayıb.

- Tənzimləmə deyəndə nəyi nəzərdə tutursunuz?

- Vergilərin cürbəcür formaları var. Məsələn, ən yüksəyi 18 faizli vergidir. Tutaq ki, sən teatr üçün projektor alırsansa,18 faizli vergi ödəməlisən. Hər şeyə 18 faizlə vergi ödəyəndə görürsən ki, ay və ya il ərzində böyük məbləğ gedir. Teatr xadimləri ittifaqı büdcədən pul almır, özü-özünü maliyyələşdirir. Amma vergilərin hamısını büdcə təşkilatları kimi verir. Bunu ödəmək bizim üçün çətindir.

Prezident, həmçinin yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla Prezidentin ehtiyat fondundan digər təşkilatlarla bərabər Azərbaycan Teatr Xadimləri İttifaqına 250 (iki yüz əlli) min manat pul ayrılıb.

- Bu sərəncamın rəhbəri olduğunuz ittifaqa nə kimi faydası dəyəcək?

- Bizə çox böyük xeyri olacaq. Hesab edirəm ki, heç vaxt maliyyə yardımı almayan təşkilat birdən-birə 250 min manat alırsa, bu, bizim üçün milyondan artıq deməkdir. Çünki o qədər dərd-sər var ki, bu pulla onların hamısını həll etmək olar.

- Sizə ayrılan vəsaitlə konkret olaraq hansı problemləri həll etməyi düşünürsünüz?

- İttifaqda çox böyük işlər gedir. Keçən il bizdə bir laboratoriya öz fəaliyyətini bitirdiyi üçün bağlandı. Cənnət Səlimovanın rəhbərliyi ilə iki llik açılmışdı. Daha sonra Teatrşünaslar laboratoriyası və Mirzə Fətəli Axundovun adı ilə bağlı olan daha bir laboratoriya var idi. Laboratoriyalardan bir neçə gənc dramaturq və rejissor çıxdı. Onlara sertifikat verdik. Yazdıqları əsərlər rus dilinə çevrildi, Moskvada çap olundu, bütün MDB ölkələrinə paylandı, Gürcüstana, İngiltərəyə, Baltikyanı ölkələrə gedib çıxdı. Hazırda yeni laboratoriyalar yaradılıb. Dramaturgiya laboratoriyasına Ramiz Fətəliyev, Klassik rejissorluğa Bəhram Osmanov, Eksperimental rejissorluğa Tərlan Məmmədov, Aktyorluğa Rafiq Əliyev, Gənc teatrşünaslığa isə ittifaqın məsul işçisi Dağlar rəhbərlik edir. Bu yaxınlarda “Boş məkan dolğunluğu” festivalı oldu. Nəticələrə uyğun olaraq gənclərə hədiyyələr, mükafatalar verildi. Ümumilikdə, çox işlər görülür.

- Bəs, İttifaqın binası təmir olunacaqmı?

- Təmir üçün bu məbləğ yetərli deyil. Pul yaradıcılıq üçün xərclənəcək. Bina ittifaqın şəxsi əmlakıdır, dostların köməkliyi və öz hesabımıza foyeni və səhnəni təzələmişik. Ancaq kreslolar dəyişməli, səhnənin özü yenidən yığılmalıdır.

Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Teatr   Azərpaşa-Nemətov  





Xəbər lenti