Eldar İbrahimov fermerlərin müdafiəsinə qalxdı

Eldar İbrahimov fermerlərin müdafiəsinə qalxdı
  16 Noyabr 2013    Oxunub:1411
“Hesab edirəm ki, aqrar bölmə ölkə əhalisinin ərzaqla etibarlı təminatının əsas bazası olduğundan bu sahəyə dövlət büdcəsindən investisiya qoyuluşu artırılmalı və əsasən emal, kənd təsərrüfatı maşınqayırma və qarışıq yem istehsalı sənayesi sahələrinin inkişafına yönəldilməlidir”.
AzVision.az-ın məlumatına görə, bu sözləri YAP-ın saytına Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, bu problemi qismən aradan qaldırmaq üçün yaxşı olar ki, gələn ilin büdcəsində respublikamızda aqrotexnoparkların tikintisi nəzərdə tutulsun:

“Dövlət büdcəsi hesabına emal müəssisələrinin tikilməsinə, xüsusilə meyvəçilik və tərəvəzçilik bölgələrində belə müəssisələrin sayının artırılmasına böyük ehtiyac vardır. Bu məhsulların istehsalında çox böyük potensial olmasına baxmayaraq emal müəssisələrinin az olması ucbatından fermerlər istehsal etdikləri məhsulu emal müəssisələrinə satmaqda böyük çətinliklə üzləşir və məhsullarını çox aşağı qiymətə satmağa məcbur olurlar. Digər tərəfdən bu vəziyyət hər il xeyli məhsul itkisinə də səbəb olmaqla ərzaq təhlükəsizliyi riskini artırır. Respublikamızda emal müəssisələrinin sayının artması bu məhsul itkisinin qarşısını almaqla yanaşı fermerlərə meyvə-tərəvəz məhsulları ilə xarici bazarlara çıxmaq imkanı verəcəkdir. Biz bu geniş və sərfəli imkandan tezliklə faydalanmaqla hörmətli prezidentimizin formalaşdırdığı müasir aqrar siyasətin tərkib hissəsi olan kənd təsərrüfatı məhsullarının ixracını həyata keçirib aqrar bölmənin gələcək dinamik inkişafını təmin etmiş olarıq. Eyni zamanda bildirirəm ki, aqrar sahəyə özəl sektor sərmayə qoymaqda çox da maraqlı olmadığından əsas yük dövlət büdcəsinin üzərinə düşür və bu da müəyyən çətinlik yaradır. Bu problemin həllində dövlət büdcəsi, büdcədən kənar və özəl vəsaitlər hesabına mərkəzləşdirilmiş xüsusi investisiya fondunun yaradıması məqsədəuyğun olardı. Bu fondun vəsaitləri hesabına aqrar istehsal sahələrinə daha çox investisiya ayırmaq və yüksək səmərə əldə etmək olar. Bununla yanaşı parlamentdə müzakirəyə təqdim olunmuş “Azərbaycan Respublikasının 2014-cü il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” barədə zərfin ikinci cildində qeyd olunur ki, fermerlər arasında könüllülük əsasında birgə təsərrüfatçılığın təşviqi, kənd təsərrüfatı məhsullarının istehsalı, satışı, tədarükü, emalı və s. ilə məşğul olan kooperativlərin, assosiasiyaların, cəmiyyətlərin, birliklərin yaradılmasının dəstəklənməsi, habelə aqrar sahədə informasiya-məsləhət xidmətlərinin təşkili ölkəmizin aqrara siyasətinin əsas prioritetlərindəndir. Hesab edirik ki, aqrar sektorun inkişafı siyasətinin bu istiqamətləri hörmətli Prezidentimizin iri təsərrüfatlar yaradılması haqqında verdiyi tapşırığa tam uyğundur və onların uğurla həyata keçirilməsi üçün “Kənd təsərrüfatı kooperasiyası haqqında” və “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanunların qəbul edilməsinə böyük ehtiyac var”.

AzVision.az


Teqlər:  





Xəbər lenti